Tofiq Yaqublu haqqında məhkəmənin çıxardığı qərar dövlətimizin humanistliyinin göstəricisidir - ŞƏRH ÖZƏL

19 Sentyabr 2020 09:34 (UTC+04:00)

"Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını dövlətimizin və hüququn humanistliyinin göstəricisi hesab edirəm. O, törətdiyi əməlinə görə həbs olunmuşdu. Amma məhkəmə şikayətinə yenidən baxıb və sağlamlıq vəziyyəti nəzərə alaraq bu qərarı qəbul etdi. Biz bir şeyi yaddan çıxarmamalıyıq ki, Qarabağ qazisi olmağı və ya şəxsin hər hansı statusa malik olması törətdiyi əməlinə görə qanun qarşısında cavab verməkdən azad etmir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib. Deputat bildirib ki, qanun alidir və hamı qanun qarşısında bərabərdir: "Qurduğumuz hüquqi dövlətin əsas qayəsi də bundadır. Onu da qeyd etmək lazımdır ki, radikal müxalifət hər bir vəziyyətdən istifadə edərək dövlətin atdığı humanist addımlarını öz ayağına yazmaq istəyir və eyni zamanda, belə addımları ilə cəmiyyətdə itirilmiş sosial dayağını bərpa etsin. Burada bir misal yadıma düşür... Okeanda batan şəxs saman çöpündən yapışaraq özünü boğulmaqdan xilas etmək üçün kömək axtarır. Radikal müxalifətin Tofiq Yaqublu faktorunu öz ayağına yazmaq istəkləri okeanda batan şəxsin saman çöpündən yapışmasından başqa bir şey deyil".

A.Badamov vurğulayıb ki, Dövət Başçımızın və Birinci vitse prezidentin humanist addımlarının dəfələrlə şahidi olmuşuq: "Şəxsin siyasi mövqeyindən və baxışlarından asıllı olmayaraq onun sağlamlıq məsələsi meydana gələndə, dövlət həmişə onun yanında olub. Hətta radikal müxalif mövqedə olan şəxslərin müalicə xərclərini, xaricdə müalicəsini dəfələrlə dövlət öz üzərinə götürdüyü halların şahidi olmuşuq. İndi də Tofiq Yaqublunun ev dustaqlığına buraxılması qərarını da, ancaq onun sağlamlıq durumunun nəzərə alınaraq qəbul edildiyi açıq aydın görünür. Dövlətin bu qərarını heç kim öz ayağına yazmağa çalışmamalıdır və bu, qəbuledilməzdir. Bunu ancaq dövlətin və hüququn humanizmliyin göstəricisi hesab edirəm".