Nəzarət mexanizmi olmasa biz yenidən mənfi dinamikaya dönə bilərik

18 Sentyabr 2020 16:33 (UTC+04:00)

Sərt karantin rejimi elan olunan bəzi şəhər və rayonlarda artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən müsbət dinamika da nəzərə alınaraq bəzi yumşalmalara gedildi, həmçinin, dünya ölkələrində də bir çox müəssisələr və fəaliyyət sahələri açılmaya doğru gedir. Heç bir dövlət sərt karantin rejiminin tətbiq olunmasını istəmir, çünki, insanlara dəyə biləcək zərərdən, iqtisadiyyata dəyə biləcək zərərdən daha böyük zərbə dövlətlərə dəyir.

Pandemiya nəticəsində xüsusən bir sıra iqtisadi fəaliyyət növlərinin müvəqqəti dayandırılması həm də vətəndaşların sosial rifahına təsir edir. Azərbaycan dövləti bunu da nəzərə aldı. Prezident İlham Əliyevin Fərman və sərəncamlarına, tapşırıq və göstərişlərinə uyğun olaraq bütün dünyada nadir nümunələrdən biri kimi respublikamızda pandemiya dövründə geniş sosial proqramlar həyata keçirildi. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olundu. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, aztəminatlı təbəqəyə aid olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edildilər. Bu, bir daha onu göstərir ki, insanların sağlamlığı ilə yanaşı, həm də onların sosial rifahının təmin olunması əsas vəzifələrdən biridir. Modul tipli xəstəxananın açılışında Prezident İlham Əliyev bir sıra məsələlərə də toxundu ki, bunlardan biri də koronavirusa qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə bağlıdır. Dövlət başçısı hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparıldığını bəyan etdi. Peyvəndlərin alınması böyük maddi vəsait tələb edir. Lakin bu istiqamətdə iş aparılması göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığı üçün lazım olan bütün addımları atır.

Hazırda ölkənin bütün şəhər və rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edilib, bir çox məhdudiyyətlər aradan qaldırılıb. Lakin bütün bunlar insanları arxayınlaşdırmamalıdır. Çünki son günlər bir sıra Avropa ölkələrində yumşalmadan sonra yoluxma sayında artımların baş verməsi göstərir ki, karantin rejiminin yumşaldılması xəstəlik təhlükəsinin aradan qalxması demək deyil. İndiki şəraitdə vətəndaşlarımızın daha məsuliyyətli davranışı, məhdudiyyətlərə səbr və təmkinlə, anlaşıqlı şəkildə yanaşması əldə edilmiş uğurların davamlı olmasının başlıca şərtlərindən biridir. Dövlət lazım olan bütün addımları atır və bütün bunlar, eləcə də vətəndaşların məsuliyyəti tezliklə ölkəmizin hər yerində həyatın normal axarına dönməsini təmin edəcək.

Abdulkərimova Samiyə, 12 saylı Şəhər Poliklinikasının baş həkimi