"Ölkədə gedən bütün proseslərdə gənclərimiz fəal iştirak edir" İntiqam Babayev

18 Sentyabr 2020 16:31 (UTC+04:00)

“Azərbaycanda gənclər siyasətinin əsas hədəfi ölkə gənclərinin hərtərəfli inkişafını təmin etməkdir. Bununla bağlı dövlət tərəfindən ardıcıl siyasət həyata keçirilir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, gənclər siyasəti, onların inkişafı dövlətimizin prioritet istiqamətlərindən biridir. Müstəqil dövlətin gənc nəslini formalaşdırmaq, gənclərin vətənpərvərlik tərbiyəsi, ictimai fəallığı, onların ölkədə gedən proseslərdə yaxında iştirakı, bacarıqlı, istedadlı gənclərə dəstək olmaq sahəsində müvafiq qanunvericilik bazası formalaşıb. Artıq bu istiqamətdə bir neçə dövlət proqramları icra olunub. Hazırda gənclərlə bağlı 2017-2021-ci illəri əhatə edən dövlət proqramı həyata keçirilir. Bundan başqa, dövlət başçısının Sərəncamı ilə 2015-ci ildə “Azərbaycan Gənclərinin İnkişafı Strategiyası” qəbul olunub. Bu strategiyanın əsas hədəfi gənclərimizin potensialını müasir dövrün tələbinə uyğun inkişaf etdirmək və həmin potensialdan ölkəmizin mənafeyi naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyini formalaşdırmaqdır. Strategiyada gənclərimizin bütün sosial qrupları hədəf olaraq əksini tapıb. Burada gənc alimlər, qaçqın və məcburi köçkün vəziyyətinə düşən, sağlamlıq imkanları məhdud gənclər, ictimai fəallar, yaradıcı gənclər və sair olmaqla 17 qrup hədəf göstərilib.

Nazir müavininin sözlərinə görə, bu 10 illik strategiyanın konkret zaman dövründə icrasını təmin etmək üçün tələbata uyğun, müvafiq digər normativ sənədlər qəbul olunur: “Misal üçün, 2017-2021-ci illəri əhatə edən “Azərbaycan gəncləri Dövlət Proqramı”nın müddəaları birbaşa qeyd olunan strategiyanın icrasına yönəlib. Strategiya istiqamətverici, əhatəli sənəddir. Dövlət proqramında daha konkret vəzifələr, aidiyyəti qurumlar qarşısında konkret hədəflər üzrə vəzifələr əksini tapıb. Bütövlükdə, gənclər siyasətinin bir neçə istiqaməti var. Əsas istiqamətlərindən biri vətənpərvərlik tərbiyəsi, gənclərin yaradıcılığının inkişafı və elmə həvəsləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, sağlam, asudə vaxtın təşkilidir. Nazirlik tərəfindən gənclərin təşəbbüsləri ilə müxtəlif maraqlı layihələr icra olunub. Gənclər siyasətinin təməlində Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyi ilə bağlı olan arzuları, ümidləri əksini tapıb. Burada əsas hədəf sağlam, geniş dünyagörüşünə malik, mənəvi, fiziki sağlam, tarixi köklərinə bağlı olan gəncliyin yetişdirilməsidir. Artıq Ümummilli Liderin bu arzuları, ideyaları gerçəkləşib və Azərbaycanda yeni nəsil formalaşıb. Ölkədə gedən bütün proseslərdə gənclərimiz fəal iştirak edir. Gənclərimiz potensiallarını reallaşdırmağa, təşəbbüslər ortaya qoymağa çalışır, ideyalar gerçəkləşdirir”.

Vurğulanıb ki, Gənclərin inkişafı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir. Dövlətimizin başçısı gənclərlə keçirilən görüşlərdə onların mövqeyi, gəncləri narahat edən məsələlərlə maraqlanır. Prezident İlham Əliyev gənclərə ünvanlanan çıxışlarında gənclərin vətənpərvər, təşəbbüskar, vətənpərvərlər, yüksək intellektə, təhsilə və biliyə malik olmasını qeyd edib. yap.org.az