Azərbaycanda təhsilin gələcəyi parlaqdır

18 Sentyabr 2020 16:24 (UTC+04:00)

Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə müəllimlər, tələbələr, şagirdlərə müraciəti təhsil tariximizdə yeni səhifə açdı. Ümummilli lider Heydər Əliyevin əvəzsiz ideyaları, əsasını qoyduğu böyük quruculuq işləri dövlətimizin başçısı İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir.

Ölkə Prezidentinin təşəbbüsü ilə hazırlanmış və 2013-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası” sənədi təhsilin inkişafına öz töhfələrini verib. Bu mühüm sənədin əsasında məzmun, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə üzrə uğurlu islahatlar aparılıb. Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə müraciətindəki tezislər ölkə ictimaiyyəti üçün zamanında edilmiş mühüm çağırışlardır: “Hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər”.

Prezident İlham Əliyevin bu çətin dövrdə atdığı əməli addımlar insanları pandemiyadan qorumaqla yanaşı, həm də təhsildə fasiləsizliyi təmin etdi. Təhsilin infrastrukturunun yenilənməsi və yaxşılaşdırılması dövlətimizin əsas prioritetlərindən biridir. Dünya təhsil sistemləri ilə rəqabətdə bu, olduqca mühüm kriteriyadır. Ölkəmizin başçısı hər yeni məktəbin açılışında iştirak edir, infrastrukturla yaxından tanış olur.

Cənab Prezident müraciətində vurğuladı ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib: “Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir.”

Müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində son illərdə əhəmiyyətli tədbirlər həyata keçirilib. Ölkə Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamı müəllim nüfuzunu artırıb, onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.

Pandemiya ilə bağlı bu il təhsillə bağlı müəyyən çətinliklər var idi. Bütün bunlara baxmayaraq Təhsil Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargah bu istiqamətdə kollegial qərarlar qəbul etdi. Artıq Azərbaycan tədris, təhsil ilinə tam hazırdır. Ümumiyyətlə, bu gün dünyada inkişafın ən əsas meyarlarından biri təhsildir, yəni insan kapitalı, savad, bilikdir. Bu gün ölkəmizdə həyata keçirilən bütün bu tədbirlər deməyə əsas verir ki, Azərbaycanda təhsilin gələcəyi parlaqdır. Dövlətimiz bu sahəni hər zaman diqqətdə saxlayır.

Fərqanə Abbasova, 72 saylı orta məktəbin direktoru