Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi təmirdən sonra istifadəyə verilib FOTOLAR

18 Sentyabr 2020 15:48 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra rəsmi açılışı olub. Milli Musiqi Gününə təsadüf edən açılış mərasimini məktəblilər böyük sevinclə qeyd ediblər.

SİA-nın məlumatına görə, açılışdan sonra sinif otaqlarına baxış keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov məktəbdə görülən təmir və yenidənqurma işləri haqqında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimova məlumat verib.

Qeyd edilib ki, sözügedən uşaq musiqi məktəbi 1 iyun 1961-ci il tarixindən Yasamal rayonu, H.Cavid prospekti, 4 ünvanında, yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 449 kvadratmetr olan məktəb 56 nəfərlik zaldan, 27 sinif otağından, 2 inzibati otaqdan ibarətdir.

Fortepiano, simli və nəfəsli alətlər, xalq çalğı alətləri, nəzəriyyə, ümumi fortepiano şöbələrinin fəaliyyət göstərir. Burada fortepiano, violin, fleyta, truba, tar, kamança, qanun, qarmon, nağara, vokal, violonçel, gitara kimi ixtisaslar tədris edildiyi məktəbdə 126 nəfərdən ibarət müəllim heyəti və 500 nəfərlik şagird kontingenti mövcuddur.

Diqqətə çatdırılıb ki, bu məktəbin yetirmələri yerli və beynəlxalq müsabiqələrdə çıxışları və qazandıqları uğurlarla müəllimlərin etimadını hər zaman doğruldublar.

Sonda musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında konsert proqramı təqdim edilib.