Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb

18 Sentyabr 2020 15:10 (UTC+04:00)

18 sentyabr - Milli Musiqi Günü tariximizə görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub. SİA-nın məlumatına görə, bu münasibətlə sentyabrın 18-də mədəniyyət və incəsənət xadimləri Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin və digər musiqi xadimlərinin məzarlarını ziyarət ediblər.

Mərasimdə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi və başqaları iştirak ediblər.

Tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edən A.Kərimov bildirib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır: “Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin böyük yeri var. O, Azərbaycan xalqının mənəvi qüdrətinin böyük timsalıdır. Qarabağda, "Qafqazın konservatoriyası" adlanan Şuşada anadan olması Üzeyir bəy üçün ilk məktəb olub. Onun əsərləri bəstəkarlar üçün böyük nümunədir. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır. O, öz əsərlərində Şərq və Qərb musiqisinin vəhdətini yaradıb. Üzeyir bəy istedadlı bəstəkarlar, musiqişünaslar nəsli yetişdirib. Onun rəhbərliyi altında Azərbaycanda bəstəkarlıq məktəbi yaradılıb. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini ulu öndər Heydər Əliyev qoyub. Ümummilli Liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Artıq neçə ildir, xalqımız bu bayramı qeyd edir. Bu, bir daha Heydər Əliyevin bizim mədəniyyət xadimlərinə göstərdiyi qayğının bariz nümunəsidir. Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərildiyi qayğının davamı kimi Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı da göz qabağındadır. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycanda Üzeyir Hacıbəyli adına festival keçirir. Bu festivala dünyanın bir sıra tanınmış musiqiçiləri cəlb edilib. Təəssüflər olsun ki, bu il pandemiyaya görə biz bu festivalı keçirə bilmirik. Buna baxmayaraq festivalı davamlı etmək üçün ötən illərin ifalarını televiziyada göstərmək qərarına gəldik. Bu gün həm də bəstəkar Müslüm Maqomayevin yubileyidir. Üzeyir Hacıbəyli M.Maqomayevi əsl xalq ruhlu, yenilikçi sənətkar hesab edirdi”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə "Üzeyir Hacıbəyli" fəxri medalının təsis edildiyini bildirib: "Onun ilk nüsxəsi Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edilib. Çünki Mehriban xanım uzun illərdir davam edən "Üzeyir dünyası" nəşrinin təsisçisi, sponsoru və ilhamverici gücüdür. Bəstəkarlar İttifaqı olaraq Üzeyir Hacıbəyli festivalında fəal iştirak etmişik, maraqlı elmi konfranslar keçirmişik. Çalışmışıq ki, Üzeyir bəyin təkcə musiqisini yox, həm də onun alim olaraq kəşflərini və tapıntılarını gənclərə çatdıraq".

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib ki, onun musiqisi hər zaman bizimlədir. Onun yaratdıqları bütün zamanlarda yaşayacaq. Musiqimizin uğurlarını Üzeyir bəylə bağlıdır. Azərbaycan musiqisinin bu səviyyəyə gəlib çatması onun dühasının məhsuludur. Üzeyir bəy hər yerdə var və onun əsərləri hər zaman sevilə-sevilə dinlənilir.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi də çıxış edərək dahi bəstəkar haqqında ürək sözlərini söyləyib: “Biz Üzeyir bəyin qoyduğu ənənələrə sadiq qalaraq musiqimiz inkişaf etdirməli və onu yad təsirlərdən qorumalıyıq”.

Sonda Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası səsləndirilib.