Ermənilər Eçmiədzin yolunu bağlayıblar Etiraz aksiyası

18 Sentyabr 2020 15:02 (UTC+04:00)

Ermənistanın Armavir vilayətində gərgin vəziyyət yaranıb. Artıq saatlardır ki, dörd kəndin sakinləri Yersaxun inzibati mərkəzinə aid Eçmiədzin-Marqara avtomagistralını bağlayıblar. Onlar iqtisadiyyat naziri və Armavir vilayətinin qubernatoru ilə təcili görüş tələb edirlər.

SİA erməni fotomüxbiri Qagik Şamşyanın yaydığı informasiyaya istinadən xəbər verir ki, sakinlər yetişdirdikləri badımcan və bibər məhsullarını sata bilmirlər. Belə ki, kəndlilər hələ əkin vaxtı onlara vəd verən dövlət qurumlarına inanaraq əkinlə məşğul olublar.

“Biz onlara inandıq və badımcanla bibər tərəvəzlərini əkdik, lakin indi də fakt qarşısında qalmışıq – sata bilmirik”, deyən kəndlilər bildirirlər ki, dövlət orqanları onları ələ salırlar. Bildirirlər ki, bibərləri qurutsunlar və sonra da satılmaları üçün vəziyyət yaranar və s. SİTAT: “Bunu da bizə vilayət administrasiyasının nümayəndəsi deyir, hansı ki, bizə - vergi ödəyicilərinə görə maaş alırlar. Biz Armavir vilayətinin qubernatoruna inanmırıq, ona görə də yolu bağlamışıq ki, ya nazir gəlsin, ya da Nikol Paşinyanın səlahiyyətli nümayəndəsi”.

Qeyd olunur ki, vilayətin polis rəisi Karen Akopyan aksiyanın keçirildiyi yerə gedib və onu çoxsaylı polislər müşayiət ediblər. Onlar sakinlərdən yolu açmağı və etirazlarını yoldan kənar yerdə etmələrini tələb ediblər. Aksiyaçılar etiraz aksiyalarını davam etdirirlər və onlarla danışığa gedən administrasiya nümayəndəsinə inanmadıqlarını bildirirlər.