"Tofiq Yaqublu ilə bağlı müxalifətin səs-küy salması yersizdir" ÖZƏL-MÜNASİBƏT

18 Sentyabr 2020 15:22 (UTC+04:00)

"Sözün həqiqi mənasında Tofiq Yaqublu indiyədək nə qədər çalışsa idi bu cür imici toplaya bilməzdi. Bu gün məhkəmə hakimiyyəti və məhkəmənin qərarları mövcuddur. Tofiq Yaqublu ilə bağlı Appelyasiya məhkəməsi də bu ayın sonuna təyin edilib. İnanırıq ki, Appelyasiya məhkəməsi məsələyə hüquqi qiyməti verəcək". Bunu SİA-ya millət vəkili Tahir Kərimli deyib.

"Hər bir halda məhkəmə qanun, dövlət adından qərar verir. Bu mübahisə oluna bilməz. Təəssüf edirəm ki, xaricdə oturanlar və ölkə daxilindəki müxalifət Tofiq Yaqublunu əlində bayraq ediblər. Bəlkə də elə bunlar Tofiq Yaqublunun başına bir iş gəlməsini istəyirlər. Onlar bir hadisə olan kimi dərhal ondan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Guya onlar Tofiq Yaqublunu istəyən olublar. Sadəcə olaraq onun adından sui-istifadə olunur və məsələ qabardılır. Onlar istəyirlər ki, vəziyyət daha da pis olsun və Tofiq Yaqubluya nəsə baş versin. Daha sonra bunu əlində bayraq edib xaricdəki ağalarına nümayiş etdirsinlər ki, onlara dəstək olsunlar. Hazırda vəziyyət belədir. Azərbaycanda məhkəmə hakimiyyəti müstəqildir və qərarlarına hörmət etmək lazımdır. Müxalifət səs-küy salması isə yersizdir"-deyə, T.Kərimli fikirlərini tamamlayıb.