"Əgər biz daha da güclü olmaq, sürətlə inkişaf etmək istəyiriksə....." ÖZƏL-MÜNASİBƏT

18 Sentyabr 2020 14:35 (UTC+04:00)

"Bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biridir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

"Artıq bir neçə ildir ki, dövlət başçısı əksər tədbirlərdə, görüşlərdə bunu birmənalı olaraq vurğulayıb və bəyan edib ki, biz korrupsiyaya, rüşvətxorluğa qarşı müharibə elan etmişik. Yəni biz bununla barışmaz mübarizə aparacayıq və mübarizəmiz də davam edir. Təbii ki, bunun nəticəsini də görürük. Burada söhbət təkcə əməliyyatlardan və həbslərdən getməməlidir. Korrupsiyaya qarşı mübarizənin əsas qollarından biri elə kadr, struktur islahatlarıdır, idarəetmədə və müəyyən proseslərdə olan yeniliklərdir. Bunlar hamısı korrupsiyaya qarşı mübarizənin tərkib hissələridir. Mənə belə gəlir ki, son dövrlər aparılan çoxsaylı kadr islahatları da bu mübarizənin aparıcı hissəsi hesab olunmalıdır. Hazırda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibin təşkil olunması, yenilənmənin olması təbii ki, irəliləyişlərə səbəb olacaqdır. Hesab edirəm ki, atılan addımlar məqsədəuyğundur və uğurludur. Əgər biz daha da güclü olmaq, sürətlə inkişaf etmək istəyiriksə, qarşıya qoyulan hədəflərə çatmaq üçün bu inkişafı ləngidən, ona mane olan ən ciddi məsələlərdən biri elə korrupsiyadır, rüşvətxorluqdur”-deyə, E.Məmmədov fikrini tamamlayıb.