"Heydər Əliyev Fondunun fəaliyyəti çox əhəmiyyətlidir, eyni zamanda, bir nümunədir” ÖZƏL-MÜNASİBƏT

18 Sentyabr 2020 14:20 (UTC+04:00)

“Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun həm ölkə daxilində, həm də xaricdəki fəaliyyəti çox əhəmiyyətlidir, eyni zamanda, bir nümunədir”. Bunu SİA-ya millət vəkili Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə son illərdə yeni məktəb binaları tikilib, müasir avadanlıqlarla təchiz olunub, məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları istifadəyə verilib: “Çoxlu sosial layihələr həyata keçirilib. Bütün bunların hamısı Azərbaycan vətəndaşının daha rahat həyat şəraitinin təmin edilməsi məqsədi üçün həyata keçirilir.

Məhz onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində ölkəmizdə təhsilimizin inkişafı üçün zəruri olan ilk ciddi addımlar atılıb. Tariximizdə heç vaxt olmadığı qədər yeni məktəb binaları tikilib. Hətta bir zamanlar çətin gedilən ucqar dağ kəndlərində indi müasir tipli, hər cür avadanlıqla təchiz edilmiş məktəblər mövcuddur. Heç şübhəsiz, bu, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətidir. Mehriban xanım Əliyeva Azərbaycanda məktəbə qədər təhsilə xüsusi qayğı göstərir, fondun fəaliyyəti nəticəsində bu gün Azərbaycanda uşaq bağçaları tikilir, köhnələri bərpa edilir. Diqqəti cəlb edən cəhətlərdən biri də budur ki, bir vaxtlar uşaq evləri baxımsız halda idi, indi isə Azərbaycanda olan uşaq evləri digər ölkələrdəki uşaq evlərindən qat-qat yaxşıdır".