Tofiq Yaqublunun qənaətbəxş səhhəti və Əli Kərimlinin narahatlığı TƏRS BAXIŞ

18 Sentyabr 2020 12:43 (UTC+04:00)

AXCP sədri indi də özünüreklam kampaniyasını dəyişdi

Məlum olduğu kimi, Penitensiar Xidmət, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin nümayəndələri və həkim Adil Qeybulla həbsdə olan "Milli Şura"nın üzvü, müsavatçı funksioner, hazırda "City Hospital"da müalicə alan Tofiq Yaqubluya baş çəkiblər və onun səhhətinin qənaətbəxş olduğunu, eləcə də heç bir həyati təhlükə yaşamadığını bildiriblər. Lakin məlumatdan dərhal sonra AXCP sədri Əli Kərimlinin tələm-tələsik klaviatura arxasına keçərək Yaqublunun aclıq aksiyasını dayandırması çağırışını etməsi vəziyyətin onun (Kərimlinin) xeyrinə işləmədiyini anlamasından sonra baş verib. Yəni daha dəqiq izah etsək, AXCP sədri Tofiq Yaqublunun başına ağır iş gələcəyindən qorxaraq, məsuliyyətin əsas hissəsinin onun da üzərinə düşəcəyindən ehtiyat edib.

Yoxsa Ə.Kərimli aksiyanı dayandırmaq üçün nəyə görə müraciət ünvanlasın ki..?

Əslində, bu addım həm də belə bir qənaətə gətirir ki, AXCP sədri yenə də planlarını icra edə bilmədi və ona görə də "sürət qutusunu" arxaya çəkməli oldu. Halbuki, o, T.Yaqublu aclığa başlayar-başlamaz Seymur Həzinin vasitəsilə onun həyat yoldaşı, Tofiq Yaqublunun qızı Nigar Həzi ilə müəmmalı sövdələşmələrə getməklə, aclıq aksiyası keçirməsinə nail olmuşdu. Yoxsa Ə.Kərimli aksiyanı dayandırmaq üçün nəyə görə müraciət ünvanlasın ki..?

Sirr deyil ki, Yaqublunun aclıq aksiyası üzərindən istədikləri siyasi dividenti qazana bilmədiyini anlayan Ə.Kərimli çox istəyirdi ki, Y.Yaqublunun adından istifadə edib, xaricdəki donor təşkilatlardan qrantlar alsın, ancaq müsavatçı funksionerin şəxsi həkimi Adil Qeybulla, eləcə də jurnalist Əhməd Obalı, ADP sədri Sərdar Cəlaloğlu və başqaları onun bu məkrli planını ifşa etdilər.

"B" planı işə salınsa da, amma haraya qədər..?

İndi də Ə.Kərimli dala addım atmaqla özünün onsuz da düşük "imicini" tam itirməməkdən ötrü "b" planını işə saldı, o cümlədən çalışır ki, ətrafında "sözükeçərli" sədr kimi görünsün. Yəni "mən Tofiqə dedim, o da aclığı dayandırdı" məsələsini ortaya atsın. Beləliklə də, T.Yaqublunun su içməsi, ona qida mənşəli sistemlərin köçürülməsi, digər zəruri tibbi əməliyyatların reallaşdırılması faktına əmin olduqdan sonra niyyətinin baş tutmadığını dərk edən AXCP sədri Əli Kərimli indi də bu cür özünüreklam kampaniyasına başlayıb. Amma haraya qədər..?

Rövşən RƏSULOV