"Azərbaycan korrupsiyaya qarşı mübarizədə yerində saymır" ÖZƏL-MÜNASİBƏT

18 Sentyabr 2020 13:10 (UTC+04:00)

“Son illər Azərbaycanda vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, insanları narazı salan xidmətlərin elektronlaşdırılması, fərqli və daha əlçatan idarəetmə mexanizmlərinin tətbiqi fonunda korrupsiya, rüşvət hallarına qarşı mübarizənin hər il daha da güclənməsinin şahidiyik. Yuxarıdan start götürən reformaların kökündə korrupsiyaya qarşı mübarizənin keyfiyyətcə yeni müstəviyə keçməsi, formalizm yox, məhz rüşvətin yolunu kəsmək, tamahın, nəfsin qapısını bağlamaq kimi pozitiv addımlar dayanır”. Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu məsələdə güzəşti qəbul etməyən siyasi iradəsi ortadadır. Və digər toxunacağımız institusional üsullarla yanaşı, ciddi cəza tədbirləri görülür: “Azərbaycan cəmiyyəti ilk dəfədir ki, rüşvətə, korrupsiyaya bulaşan icra başçılarının, yüksək ranqlı məmurların ardıcıl həbsinə, onların törətdikləri cinayətlərin cəmiyyətə heç bir gizlilik olmadan açıqlanmasına şahidlik edir.

Ötən dövrdə korrupsiyaya və rüşvətə qarşı mübarizənin daha da səmərəli aparılması üçün xalqa daha yaxın olmaq, onun içərisinə getmək, onu dinləmək, ona mənəvi dəstək vermək siyasətinə də yeni nəfəs verilib. Eyni zamanda, bütün mümkün dövlət xidmətlərinin elektronlaşdırılması sürətləndirilib, “ASAN Xidmət” kimi uğurlu modelin təqdim etdiyi xidmətlərin əhatə dairəsi, coğrafiyası genişləndirilib, əhalinin narazı qaldığı sahələr üzrə kadr islahatları həyata keçirilib.

Vətəndaşla məmur arasındakı səddi aradan götürməyə, vətəndaş məmnunluğuna nail olmağa xidmət edən müxtəlif səpgili bu və digər addımlar, həm də ölkə insanının dövlətinə inamını gücləndirməyi, korrupsiyaya qarşı mübarizədə effektiv nəticələr əldə etməyi hədəfləyirdi.

Korrupsiyaya qarşı mübarizədə 100 faizlik nəticənin qazanıldığını vurğulamaq düzgün olmazdı. Və dünyanın heç bir ölkəsində belə bir nəticə də yoxdur. Əsas və təqdir olunası odur ki, Azərbaycan korrupsiyaya qarşı mübarizədə yerində saymır, bu bəlanın kökünü kəsmək üçün görülən tədbirlər ardıcıl, sistemli, hərtərəfli xarakter daşıyır.

Ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib. Dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının fəaliyyətini optimallaşdırmaq məqsədilə qəbul edilən mühüm qərarlar da bu sahədə yeni mərhələnin başlangıcı kimi qiymətləndirilə bilər. Bütün istiqamətləri əhatə edən islahatlar korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraltmağı hədəfləyib:

· idarəetmədə çeviklik və səmərəlilik artırılır, dövlət idarəetməsi daha müasir standartlara uyğunlaşdırılır;

· cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşma təmin edilir;

· iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsinə nail olunur;

· iqtisadiyyatın rəqabət qabiliyyəti artırılır;

· bir çox sahələrdə vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilir;

· müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə, həmçinin innovativ həllərin tətbiqi genişləndirilir;

· ictimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqi təkmilləşdirilir;

· vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlıq artırılır;

· korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilir və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolu artırılır.

Bura dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsini, ictimai şuraların fəaliyyətinin səmərəli olmasının təmini istiqamətində tədbirlərin görülməsini və s. əlavə etmək olar.

İctimai nəzarət mexanizmlərini gücləndirən, xüsusilə vətəndaşların korrupsiya faktlarından şikayət etmək imkanlarını genişləndirən hakimiyyət bu bəla ilə mübarizədə yeni hədəflər müəyyənləşdirib. Son günlər Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibinin formalaşması, onun ilk iclasında verilən mühüm qərarlar qarşıda qeyd olunan istiqamətdə siyasətin daha da gücləndiriləcəyindən xəbər verir.

Danılmaz faktdır ki, ölkə başçısının yeni islahatlar kursu ölkənin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə etməklə, şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Aparılan siyasət bu vəzifələrin icrasında boşluğa yol verən, tamahına qalib gələ bilməyən, islahatlarla ayaqlaşa bilməyənlərin sərt şəkildə cəzalanacağını, vəzifədən kənarlaşdırılacağını şübhəsiz edir. Görülən tədbirlər əminlik yaradır ki, Azərbaycanda korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların tam aradan qaldırılması mümkünləşəcək”.