"Bəzi rayonların birləşdirilməsi ilə bağlı əvvəllər də müxtəlif fikirlər olub" ÖZƏL-MÖVQE

18 Sentyabr 2020 11:58 (UTC+04:00)

“Bakı şəhərinin inzibati ərazisinə aid olan bəzi rayonların birləşdirilməsi ilə bağlı əvvəllər də cəmiyyətdə müxtəlif fikirlər müzakirə predmeti olub. Ən real təşəbbüslərdən biri, cənab Prezident tərəfindən səsləndirilmiş Bakının mərkəzi rayonunun yaradılmasıdır”. Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, Səbail, Nəsimi, Yasamal, Nərimanov və qismən Xətai rayonlarının mərkəzi hissələrinin yeni sərhədlərini müəyyənləşdirməklə Mərkəzi rayonu formalaşdırmaq mümkündür: “Bu şəhərin tarixi hissəsinin qorunması, tikinti-bərpa işlərinin aparılması, nəqliyyat-ekoloji problemlərin həlli, turizmin inkişafı baxımından əhəmiyyətli olardı.

Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına gəldikdə isə, burada müəyyən yerli spesifik xüsusiyyətləri saxlamaqla, dünya praktikasından istifadə etmək olar. Kommunal-təsərrüfat xarakterli məsələlərin bələdiyyələrə həvalə olunmasını məqsədə uyğun olardı. Təbii ki, bu da mərhələli şəkildə həyata keçirilməlidir. Yerli özünü idarəetmə orqanlarını müasir standartlara uyğun inkişaf etdirə biləcək peşəkar bələdiyyə kadrlarının hazırlanmasına ehtiyac var. Ümumiyyətlə, yerli icra hakimiyyəti orqanlarında struktur islahatları davam etdirilməsi zamanın tələbidir".