Dahi bəstəkara həsr edilmiş virtual sərgi açılıb FOTOLAR

18 Sentyabr 2020 15:36 (UTC+04:00)

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə hazırlanmış “Üzeyir Hacıbəyli - 135” adlı virtual sərgi istifadəçilərin ixtiyarına verilib. Milli Arxiv İdarəsindən SİA-ya bildirilib ki, sözügedən virtual sərgi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin və Dövlət Tarix Arxivin fondlarında daimi mühafizə edilən sənədlər əsasında hazırlanıb. Sərgidə görkəmli bəstəkarın həyat və fəaliyyətini özündə əks etdirən sənədlər yer alır.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, dahi Azərbaycan bəstəkarı, Azərbaycan milli operasının banisi, böyük musiqişünas-alim, publisist və pedaqoq Üzeyir Hacıbəylinin Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətləri nəzərə alınaraq, böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etdirmək məqsədilə ölkəmizdə hər il sentyabrın 18-i Milli Musiqi Günü kimi qeyd edilir.