Avropa Liqasının oyunu projektorun sınması səbəbindən yarımçıq qalıb

18 Sentyabr 2020 00:10 (UTC+04:00)

Avropa Liqasının II təsnifat mərhələsinin “Riqa” – “Tre Fiori” oyunu yarımçıq qalıb.

Apasport.az saytının məlumatına görə, Latviyanın paytaxtı Riqada keçirilən görüş 1-ci hissənin gedişində dayandırılıb.

Hesab 0:0 olarkən arenanın işıqlandırma sistemində problem yaranıb. Nəticədə işıqların bir hissəsi sönüb. Ardınca projektor qırılıb və onun şüşələri ehtiyat oyunçular skamyasına düşüb.

Qarşılaşmanı başa çatdırmaq mümkün olmayıb. Hazırda UEFA və klublar arasında danışıqlar gedir. Matçın sentyabrın 18-də davam etdirilməsi gündəmdə olsa da, San-Marino təmsilçisi artıq həmin gün ölkəsinə qayıtmalı olduğundan problem yaranıb.