Azərbaycan sabit və dinamik inkişaf edən ölkədir...

11 May 2011 04:43 (UTC+04:00)
Ümumiyyətlə, hər bir dövlətin dinamik inkişafı daxili siyasi, sosial, iqtisadi sabitlikdən və təhlükəsizlikdən çox asılıdır. Əhalinin təhlükəsizliyinin təmin olunma səviyyəsi, eyni zamanda, dövlətin beynəlxalq nüfuzuna təsir göstərən mühüm faktorlardandır. Ölkədəki təhlükəsizlik mühitinin nə dərəcədə sağlam olması daxili siyasi, iqtisadi və sosial durumun real sabitlik göstəriciləri əsasında qiymətləndirilir. Lakin informasiya dövrünü yaşadığımız müasir zamanda bəzi maraqlı qüvvələr məqsədli və qərəzli şəkildə yalan məlumatlar yaymaqla ictimai fikri yanlış istiqamətə yönləndirməyə çalışırlar. Bu baxımdan, son dövrlərdə Azərbaycana qarşı yönələn bu tipli təxribat xarakterli informasiyaların artması ölkəmizin artan nüfuzuna zərbə vurmaq məqsədi daşıyır. Heç kəsə sirr deyil ki, respublikamızın müstəqil inkişaf yolunda inamla irəliləməsi, yəni, ölkədə bütün sferalarda müşahidə olunan yüksək inkişaf tempi, əhalinin əksər sosial-iqtisadi problemlərinin həllini tapması, vətəndaş-dövlət həmrəyliyinin möhkəmlənməsi, ölkənin hərbi qüdrətinin və beynəlxalq nüfuzunun artması daxildə və xaricdə mövcud olan bəzi anti-Azərbaycançı qüvvələri narahat edir. Bu da özünü müxtəlif səpkilərdə, o cümlədən, informasiya məkanında hücum xarakterli məlumatların yayılması şəklində göstərir. Azərbaycana qarşı informasiya təxribatı ilə məşğul olan bəzi dövlətlər ölkədə terror təhlükəsinin mövcud olması barədə bəyanatlar yaymaqla həm öz vətəndaşları, həm də ölkə ictimaiyyətində həqiqətə uyğun olmayan təsəvvür formalaşdırmağa çalışırlar. Əminliklə deyə bilərik ki, Azərbaycanda yerli və xarici vətəndaşların təhlükəsiz yaşayışına ciddi təhlükə törədəcək təhdidlər mövcud deyil. Respublikada həyata keçirilən dövlət quruculuğunun əsasında vətəndaşların təhlükəsiz yaşayışının təmin edilməsi başlıca əhəmiyyət kəsb edən məsələlərdən biridir. Belə ki, ölkə daxilində sabitlik və təhlükəsizlik mühitinin qorunub saxlanması məsələsi daim dövlətin diqqət mərkəzindədir. 1990-cı illərin əvvəllərini əhatə edən dövrdən fərqli olaraq, bu gün respublikada yüksək təhlükəsizlik mühiti bərqərar olub. Bu isə bilavasitə təhlükəsizlik strukturlarının ciddi və peşəkar fəaliyyətinin nəticəsidir. Qeyd edək ki, ölkədaxili və beynəlxalq təhlükəsizliyi təhdid edən transmilli cinayətkarlıq növləri içərisində qanunsuz silah-sursat ticarətinə qarşı mübarizəyə xüsusi diqqət ayrılır. Məlumdur ki, beynəlxalq terrorçu təşkilatlar, separatçı-ekstremist rejimlər məhz qanunsuz silah alveri ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar qruplaşmaların fəaliyyətindən yararlanırlar. Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyəti nəticəsində respublikanın ərazisinin qanunsuz silah ticarəti marşrutlarından birinə çevrilməsinin qarşısı alınır. Bundan əlavə, Azərbaycanın qoşulduğu müvafiq konvensiyalarla qanunsuz silah-sursat ticarəti ilə mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə bu sahədə həyata keçirilən tədbirlər genişləndirilib. Təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğunu göstərən mühüm faktorlardan biri kimi kriminogen durum daim nəzarət altındadır. Ötən il qeydə alınan cinayətlərin 86,6 faizinin açılması təmin edilib. Bu isə vətəndaşların hüquqlarının pozulmasına yol verənlərin cəzalandırılması ilə bərabər, ictimai təhlükəsizliyi hədələyən cinayətlərin artmasının qarşısının alınması deməkdir. Respublikamızda yerli sakinlərlə yanaşı, xarici ölkə vətəndaşlarının da təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Bu günlərdə Daxili İşlər Nazirliyindən mətbuata açıqlamada xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və onların işçilərinin təhlükəsizliyinin lazımi qaydada təmin olunduğu bildirilib. Ümumiyyətlə isə, Azərbaycanda yaradılan təhlükəsizlik mühiti ölkəyə gələn bütün xarici vətəndaşların turist və ya diplomatik korpus nümayəndəsi olmasından asılı olmayaraq, təhlükəsiz yaşamasına imkan verir.