Ermənistan fəlakət qarşısında.. - ŞƏRH

16 Sentyabr 2020 11:03 (UTC+04:00)

Manqurtlaşan Ermənistan və diktator Paşinyan hakimiyyətinin…

Ermənilər etiraf etməlidirlər və əslində, ağlı başında olan az bir qismi də dəhşət və kədər hissi ilə etiraf edir ki, dırnaqarası inqilab olan, reallıqda isə dövlət çevrilişi edilən doğma ölkələrində vəziyyət Avropanın ən axırıncı diktatoru tərəfindən idarə olunan Belarusiyadan heç də yaxşı deyil. Bu ölkələr arasında yeganə fərq var və bunu elə bir kəsim erməni də yaxşı bilir ki, əgər sözügedən ölkədə xalq diktator saydığından canını qurtarmaq üçün çabalayırsa, Ermənistanda diktator demokrat cildində ortaya atılıb və aldatdığı daxili auditoriya da həqiqətin gözünə düz baxmaq, etirazlar və küçə nümayişlərindən avantüristcəsinə istifadə edərək, hakimiyyət çevrilişi edərək baş nazir postunu qamarlayanın əsl diktator olduğuna hələ də inanmaq istəmir. Əslində isə, bu bir həqiqətdir ki, Ermənistanın baş naziri repressiyalarla, həbslərlə, təqiblərlə və digər üsullarla rəqib saydıqlarını, əmrlərinə müntəzir olmayanları, əvvəlki hakimiyyətlə işləyənləri, ümumiyyətlə, onunla eyni fikirdə belə olmayanları təhdidləri ilə boğaza yığıb. Bu isə onun diktator olduğuna inanmaq istəməyənlərin də istək və arzularını ürəklərində qoyur və inanmaq məcburiyyətində qalırlar.

Göründüyü kimi, manqurtlaşma, bir çox xalq və ölkələr üçün tanış bir fenomendir. Xüsusilə, «rus qardaş»ın təsiri altında olanlar üçün bu daha nəzərəçarpacaq dərəcədədir. Bunlara xüsusilə, ukraynalılar, belaruslar və ermənilər aiddir. Bunu ermənilər arzulamasa da, istəməsə də, etirafdan çəkinsələr də bu belədir. Ermənistanın halı, heç də oradakı vəziyyətdən yaxşı deyil. Bu gün Ermənistan və erməni xalqı həddindən artıq təzyiqlə qarşılaşır. Hətta cəmiyyət, Nikol Paşinyanla müqayisədə Serj Sarkisyan belə demokrat hesab edir, halbuki, onun özünü diktatorluqda ittiham edərək hakimiyyətdən uzaqlaşdırdılar. Və küçə «demokratının» yalan vədlərinə inanaraq başlarına «başağrısı» etdilər. Ən qəribəsi isə həyasızcasına hakimiyyətini əldə saxlamaq üçün düşünülməmiş təxribatlara əl atır. Ən böyük həyasızlığı isə, Ermənistan vətəndaşlarının, bütövlükdə Ermənistanın müflisləşməsi fonunda bu avantüristin ancaq özü və ailəsinin çox zənginləşməsinə çalışmasıdır. Utanmadan milyonlarla dəyəri olan saatını reklam etdirməsi, çörək almağa belə çətinlik çəkən ac vətəndaşlarını vecinə də almır.

"DQR" generallarının qərarı: "Paşinyanı devirəcəyik!"

Bütün bu vəziyyətlə yanaşı, son günlər Ermənistanın mövcud hakimiyyəti ilə "DQR" arasındakı gərginlik durmadan artmaqdadır. Xüsusilə də, Robert Koçaryanın azadlığa buraxılmasından başlayan proses əslən Qarabağdan olan erməni hərbi-siyasi dairələrinin Nikol Paşinyan iqtidarına qarşı hücum mövqelərini güncəlndrəmkdədir.

Ermənistanda nəşr edilən "Jamanak" qəzeti daxili mənbələrinə istinadən yazır ki, "DQR" generalları ölkənin baş naziri N.Paşinyanın vəzifəsindən güc yolu ilə devirilməsi məqsədini daşıyan sui-qəsd planını uzun müzakirələrdən sonra qəbul ediblər.

"Novosti Armeniya" qəzeti isə yazır ki, sui-qəsd planının müzakirəsi və qəbulu "Oqanovski" kimi tanınan "DQR"-on "müdafiə nazirinin" keçmiş "müavini" Samvel Karapetyan tərəfindən təşkil edilib. Gizli görüşdə Ermənistan parlamentində deputat olmuş məşhur biznesmen Samvel Aleksanyan da iştirak edib. "Onlar Nikol Paşinyan hökumətini devirmək üçün hər şeyi etməyə söz veriblər", deyə adıçəkilən erməni nəşri qeyd edib.Beləliklə, mətbuatda gedən sui-qəsd və çevriliş planı Ermənistan ictimaiyyətində təlaşlanma, çalxalanma yaradıb.

Artıq ox yaydan çıxıb və Nikol Paşinyan tərəfə istiqamət götürüb

"Aykakan jamanak" qəzeti yazır ki, başsız məmləkətdə nə müstəqil məhkəmə sistemi mövcuddur, nə də demokratiyanın inkişafı üçün baza var: "Ermənistan hökuməti borc içində boğulur. Ancaq bundan sonra ona borc verənlər də olmayacaq".

İqtisadçı-alim, millət vəkili Vüqar Bayramov "SƏS" qəzetinə verdiyi açıqlamasında bildirib ki, sadəcə rəsmi rəqəmlərə istinad göstərir ki, Azərbaycanın dövlət gəlirləri düşmən qonşumuzun qazancından 10 dəfə çoxdur. Dövlət büdcəmizin gəlirləri 25 milyard dollar çatdığı halda bu göstərici Ermənistanda cəmi 2,5 milyard dollardır: "Kiçik büdcəyə malik olan Ermənistan il ərzində hərbi məqsədlə 451 milyon dollar xərcləyir. İllik 2,1 milyard dollar müdafiə xərcinə malik olan Azərbaycan bu kateqoriya üzrə düşmən ölkəni 5 dəfəyə yaxın üstəliyir. Digər tərəfdən, Ermənistan ümumi büdcə xərclərini 20 faizini hərbi sektora ayırmaqla Avropa Birliyinin bu xərclərinin büdcədəki payı ilə bağlı standartlarına məhəl qoymasa da Azərbaycan müdafiə xərclərinin dəyər ifadəsində çox olmasına baxmayaraq bu xərc maddəsinin ümumi büdcə xərclərində payı 8 faizə yaxındır. Bu baxımdan, hərbi xərclərinin dəyər ifadəsində Azərbaycana kəskin uduzan Ermənistan əslində hərbi xərclər ilə bağlı Avropa faiz kvotasına məhəl qoymasa da reallıq bundan ibarətdir ki, ölkəmizin müdafiə xərcləri təxminən düşmən qonşumuzun ümümi büdcəsi həcmindədir".

V.Bayramov, həmçinin ölkədə işsizlik səviyyəsinin 42-ə yaxın olduğunu da bildirib: "Ermənistan hakmiyyəti bu ölkə üçün heç də yaxşı vəziyyətə gətirib çıxarmayıb: xarici borc asıllığı artır, yoxulluq dərinləşir, insanlar iş tapa bilmir. Müqayisə üçün qeyd edək ki, ölkəmizdə işsizlik səviyyəsi cəmi 5,2 faizdir. Yoxsulluq əhalinin Ermənistanı tərk etməsinə və eləcə də təbii artımın səviyyəsinin neqativ olmasına gətirib çıxarıb. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ölkədə təbii artım mənfi 6 faizdir. Deməli, əhalidə artım deyil, azalma və qocalma müşahidə edilir".

İqtisadçı alim onu da deyib ki, Ermənistanın xarici borcu artıq 6 milyard dollara çatıb və ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir: "Bu ölkənin xarici borcunun 85,2 faizi dövlət borcudur ki, bu da düşmən dövlətinin xarici asıllığının daha da dərinləşməsinə gətirib çıxarır. Azərbaycanın xarici borc məbləğində diqqəti çəkən əsas müsbət məqam ondan ibarətdir ki, ölkə xarici borcun Ümumi Daxili Məhsuldakı payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir. Belə ki, bu göstərici Azərbaycanda 8,2 faiz olmaqla regionda bu sahədə ən yaxşı mövqeyı malik olan Özbəkistan (11,2 faiz) və Rusiyanı (14.1 faiz) qabaqlayır. Ermənistan isə MDB-də ən pis göstəriciyə malik ölkələrdən hesab edilir".

Paşinyanın demoqrafiya strategiyası ifşa olundu

N.Paşinyanın demoqrafiya strategiyası ilə bağlı çıxışını demoqraf Artak Markosyan ifşa edib. Ekspertin hesablamalarına görə, 2019-cu ilin ilk altı ayında ölkə əhalisi 3,7 min nəfər azalıb. A.Markosyan qeyd edib ki, bu göstərici ölkəni tərk edən altı min vətəndaş və doğum göstəricilərindəki 2,3 min nəfərlik müsbət saldo arasındakı fərqdən yaranıb. "Son vaxtlar ölkəni tərk edənlər Ermənistan pasportundan imtina edərək, yaşadıqları ölkənin pasportuna üstünlük verir", - deyən A.Markosyan əlavə edib ki, təkcə 2020-ci ilin altı ayları ərzində ölkəni 500 sakin tərk edib. Demoqraf doğum göstəricilərinin 2019-cu ilin analoji dövrü ilə müqayisədə 0,9%, yaxud 150 körpə daha az olduğunu dilə gətirib. Ermənistanda əhalinin sayının kəskin azalmasının digər səbəblərindən biri də ölkədə koronavirusa qarşı tədbirlərin görülməmsidir. Bütün bunlar Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin nəticələridir. Yəni işğalçılıq siyasəti, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Yerevanın sərgilədiyi qeyri-konstruktiv mövqe Ermənistanı regional və beynəlxalq layihələrdən kənarda saxlayır. Bu isə Ermənistan iqtisadiyyatını daha da bərbad hala salır".

Elxan Şahinoğlu: "N.Paşinyanın ideya və fikirləri məntiqsizdir"

"Atlas" araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, N.Paşinyanın ideya və fikirləri məntiqsizdir: "Paşinyan deyirdi ki, Ermənistan futbol üzrə dünya çempionatında qalib olmalıdır, hərbi büdcəsini 10 dəfə artırmalıdır. Həmçinin bildirir ki, ölkə əhalisinin sayı 2050-ci ilə qədər beş milyona qədər qalxacaq. Əhali sayının artımından qətiyyən söhbət gedə bilməz. Bunlar hamısı məntiqsiz və cəfəng fikirlərdir".

Ekspertin fikrincə, N.Paşinyanın indidən 2050-ci ilin hədəflərini açıqlaması o deməkdir ki, bu illər ərzində verdiyi vədləri yerinə yetirə bilməyəcək: «aşinyan erməni cəmiyyətinə mesaj verir ki, onlar ümidlərini 2050-ci ilə bağlamalıdırlar. O ilə qədər isə Paşinyanın hakimiyyətdə qalacağı sual altındadır»

E.Şahinoğlu əlavə edib ki, N.Paşinyandan Qarabağ münaqişəsinin həlli ilə bağlı nəsə gözləmək əbəsdir: "aşinyanın çıxışları Azərbaycanın manevr imkanlarını artırır. Biz Ermənistana təzyiqləri daha da artıra bilərik. Dünya gücləri də görür ki, Paşinyanın mənasız açıqlamaları vəziyyəti daha da gərginləşdirir. "Qarabağ Ermənistanındır» fikrini səsləndirmək o deməkdir ki, Ermənistan danışıqlardan çıxır". Təbii ki, belə bir vəziyyət insanlardan indiki hakimiyyətə inamsızlığı artırır. Bu səbəbdən də N.Paşinyan iqtisadiyyatda edə bilmədiyi populizmi münaqişə ilə bağlı etməyə cəhd göstərir.

Buradan sadə bir məntiqi nəticə alınır: Ermənistanın problemin həlli ilə bağlı təsəvvürləri ilə reallıq arasında dərin bir ziddiyyət mövcuddur. Belə ki, nə edirsən et, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!

Qabil Hüseynli: "Paşinyan yaxın anlarda erməni xalqının əli ilə də hakimiyyət kürsüsünə gətirildiyi kimi, o yolla da küçəyə atılacaq"

Politoloq Qabil Hüseynli bildirir ki, Paşinyan yaxın anlarda erməni xalqının əli ilə də hakimiyyət kürsüsünə gətirildiyi kimi, o yolla da küçəyə atılacaq: "Belə bir misal var, «meymunun boğazına su çatanda balasını ayağının altına alar". Görünən odur ki, aclıq və səfalət içində çırpınan erməni xalqı elə bir vəziyyətə çatdı ki, kütləvi şəkildə küçələrə axışaraq hakimiyyətə qarşı aksiyaların keçirilməsi də bunu bir daha sübut edir. Paşinyan Qarabağ separatçılarından və ölkəsindəki Qarabağ klanından qorxduğu üçün hər dəfə belə edir. Separatçılar Paşinyana etibar etmirlər. Ona görə də atəşkəsi zaman-zaman pozurlar. Proses elə il ərzində belə də davam edəcək".

Bir sözlə acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan necə deyərlər Ermənistanı iflasdan iflasa sürükləməkdədir. Nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq.

A.SƏMƏDOVA