Azərbaycan qüdrətli, tərəqqi yolunda addımlayan ölkələrdəndir

16 Sentyabr 2020 10:28 (UTC+04:00)

Azərbaycan xalqı qürur duyur ki, cənab Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın təkcə sürətli inkişafını təmin etməyib, onun həyata keçirdiyi siyasət həmçinin ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, cəlbedici inkişaf modeli yaratmasını, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı struktur və kadr islahatlarının aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar dövlət başçısının siyasi iradəsini, islahatların davamlı xarakter daşıdığını göstərir. Bütün bunlar isə Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Bunlarla yanaşı, Prezident İlham Əliyevin fəaliyyəti, irəli sürdüyü ideyalar, təşəbbüslər dünyanın hazırkı mənzərəsində bəşəriyyətin inkişafına töhfələr verir. Bu barədə çoxsaylı faktlar mövcuddur. Onlardan sadəcə bir neçəsinə nəzər salmaq deyilənləri təsdiq etməyə imkan verir. Əvvəla, Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan dünyada böyük etimad qazanıb. Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən enerji, nəqliyyat layihələri təkcə bölgədə deyil, həm də dünya miqyasında təhlükəsizliyə, əməkdaşlığa böyük töhfədir.

Prezident İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindən biri də iqtisadiyyatın şaxələndirilməsidir. Son bir neçə ildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı xeyli azalmış, qeyri-neft sektorunun inkişafı sahəsində ciddi irəliləyişlərə nail olunmuşdur. Aparılan islahatların nəticəsi olaraq ümumi daxili məhsulda (ÜDM) qeyri-neft sektorunun payı 70 faizə çatmışdır. Burada digər sahələrlə yanaşı, sənaye sektorunun da özünəməxsus yeri vardır. Bu baxımdan təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəri hesab edilən Sumqayıtda yaradılan yeni zavod və müəssisələrin də ölkəmizin sənaye sektorunda yeri xüsusi vurğulanmalıdır. Sumqayıtda yaradılan Sumqayıt Texnologiya Parkı və Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin ən gözəl təzahürüdür. Burada istehsal edilən müasir standartlara cavab verən məhsullar artıq dünya bazarında özünə layiqli yer tutub. Bütün bunlar Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin real nəticələridir. Bu baxımdan müasir və yüksək texnologiyalara əsaslanan sənayenin tərəqqisinə təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsindəməşğulluğunu artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin qurulması xüsusi əhəmiyyət kəsb edir.

Vidadi Orucov, Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktoru