Hyuston Beynəlxalq Festivalı çərçivəsində Azərbaycan nümayəndə heyəti Hyuston meriyasında olub

11 May 2011 03:21 (UTC+04:00)

Hyuston şəhərində keçirilən Hyuston Beynəlxalq Festivalında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri F. Qurbanovun başçılığı ilə Nazirliyin əməkdaşları, Azərbaycan Dövlət Rəqs Ansamblı və muğam dördlüyü Amerika Birləşmiş Ştatlarında ezamiyyətdədirlər.


Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən SİA-ya verilən xəbərə görə, mayın 5-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanovla Hyuston şəhər meriyasında ikitərəfli görüşlər keçirilib. Belə ki, Hyuston şəhərinin meri xanım Annis Parker, meriyanın Beynəlxalq əlaqələr və protokol idarəsinin rəisi xanım Dina LeFlor (Deanea LeFlore) və Hyuston şəhər meriyası şurasının üzvü Carvis Conson (Jarviss Johnson) ilə görüşlər zamanı Hyustonla Bakı şəhərinin qardaşlaşdığı 35 il ərzində həyata keçirilmiş tədbirlərdə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının fəaliyyəti yüksək qiymətləndirilib.


Bununla yanaşı, Azərbaycanla ABŞ arasında mədəni sahədə qarşılıqlı əməkdaşlıq münasibətlərinin gələcək inkişafı və perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Hyustonun şəhər meri Hyuston Beynəlxalq Festivalına qatılmağına şərait yaratdığına görə Azərbaycan hökumətinə öz minnətdarlığını bildirib.