Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə tədbir keçirilib - FOTOLAR-VİDEO

15 Sentyabr 2020 11:17 (UTC+04:00)

15 sentyabr Bakının Qafqaz İslam Ordusu tərəfindən isğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı Bakıdakı Türk Şəhidliyində və Şəhidlər xiyabanında "Çələng Qoyma Mərasimi" keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin rəhbərliyi ilə nazirliyin bir qrup hərbi qulluqçusu iştirak edib.

Abidələr qarşısına Müdafiə Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyi adından qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.

E.Özoral çıxışında deyib ki, 15 sentyabrda Bakının işğaldan azad edilməsi ilə qazanılan bu zəfər tək bugünkü Azərbaycanın yolunu açmayıb, eyni zamanda Azərbaycan və Türkiyə üzərində qurulmaq istənilən oyunların sonunu gətirib: “Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlıyıq. Hər zaman olduğu kimi bundan sonra da "iki dövlət, bir millət" şüarı ilə irəliləyərək gələcəyimizi birlikdə qurmaq istiqamətində bizlər üçün ən önəmli olmağa davam edəcəksiniz. Bakının Qafqaz İslam Ordusu və Azərbaycan Ordusu tərəfindən birgə işğaldan azad edilməsinin 102-ci ildöünümdə Nuru Paşanı, hər bir əsgəri, Azərbaycan ordusunun hər bir nəfərini minnət və sayqı ilə anıram”.

Tədbirdə dövlətlərimizin əlaqələrinin qədim tarixə, mehriban dostluq münasibətlərinə əsaslandığı və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğu qeyd edilib, ölkələrimiz arasında əməkdaşlığın qardaşlıq münasibətləri üzərində qurulduğu və bu əlaqələrin daim inkişaf etdiyi vurğulanıb.