Sən hara, Belarus xalqı hara... KÖŞƏ YAZISI

14 Sentyabr 2020 12:48 (UTC+04:00)

Əli Kərimlinin və həndəvərinin sosial şəbəkələr vasitəsi ilə Tofiq Yaqublu ətrafında var-gəlləri arxasında hansı maraqlarının dayandıqlarını yenidən izah etməyə gərək yoxdur. Yəni bəllidir ki, həmin var-gəllər heç də Yaqublunun sağlamlığından təlaşlanmaq, vəziyyətindən narahat olmaq kimi məsələlərə aid deyil. Məsələlər yalnız və yalnız şəxsi siyasi mənfəətlərə hesablanıb, bu da birmənalıdır.

Amma Tofiq Yaqublunun həbsi, məhkəmə qərarı və ən nəhayəti, aclıq elan etməsi arxasından yıtrılan boğazlara, yolunan saçlara daha bir məsələnin, xüsusilə Azərbaycana heç bir aidiyyatı olmayan məsələnin də qatılması, əslində anlaşılan deyil. Anlaşılan deyil ki, Belarusda baş verən məlum hadisələrin bunlara hansı aidiyyatı ola bilər? Yaxud, Tixanovskayanın ölkəsində olmamasına baxmayaraq, müxalifətçilərin küçələrə çıxıb icazəsiz aksiyalar keçirmələri nəyə görə Əli Kərimlini bərk narahat edir? Əslində, bu sualın cavabı elə eualın özündədir.

Baxın, belarus müxalifətçilər özlərinə lider seçdikləri şəxsin ölkədə olmamasını xəyanət ölçüsü ilə ölçmürlər. Yəni o ölkədə olmasa belə, elektoratı ortadadır və s. Amma...

Harada idi fesybukunda hər gün “Jive Belarus” yazıb, sərsəm-sərsəm rəyləri ilə siyasi düşüklük edən Gültəkin Hacıbəyli?

Amma fakt budur ki, Əli Kərimli ölkədə ola-ola, “Milli Şura”nın “başbilənləri” də burada olduqları halda onlara heç bir dəstək-filan yoxdur. Elə götürək ötən həftə Tofiq Yaqubluya görə küçəyə çıxan beş-on nəfər küyə düşənləri. Bəs harada idi Əli Kərimli? Harada idi fesybukunda hər gün “Jive Belarus” yazıb, sərsəm-sərsəm rəyləri ilə siyasi düşüklük edən Gültəkin Hacıbəyli? Harada idi həftədə-bir “zoom” toplantı keçirib özlərini xalqa güldürən digər siyasi polyaçilər? Heç biri yox idi... Yarısı Fransada, yarısı ABŞ-da, yarısı da öz kef-damağında. Axı nələrinə lazımdır Tofiq Yaqbublunun azadlığa çıxması? Yaxud, Tofiq Yaqublunun onlara lazım olan cəhəti həbsdə qalması, aclıq etməsi, hətta sağlamlığını itirməsi, hətta və hətta ölməsidir!

Beləliklə, indi də yazırlar ki, Tixanovskaya ölkəsində olmasa da, onu dəstəkləyənlər küçələrdədirlər, ona görə də əgər Əli Kərimli küçələrə çıxmasa da, dəstəkçiləri küçələrə çıxmalı, sabitliyi pozmalı, qanunsuzluqlara rəvac olmalıdırlar (?!) Onları narahat edən, yatmağa qoymayan, qorxuya salan budur ki, Azərbaycanda olsalar da, heç bir ictimai, siyasi dəstək görə bilmirlər.

Daha Belarusa, Venesuelaya, hətta Uqandaya belə getməyə gərək-filan yoxdur...

Ya da bir müddət əvvəl Bakının mərkəzində qanunsuz aksiyada elə Tofiq Yaqublu ilə qol-qola girəndə də, Əli Kərimli heç bir dəstək almadı, fəqət başı azca cızılanda bunu az qala “fəlakət”, “faciə” kimi təqdim edib, guya həyatının ölümlə üz-üzə qaldığını utanıb-qızarmadan bəyan etdi. Yadınızdadırsa, Sevinc Osmanqızı da ağlaşma ssenarisi qurub, normal düşüncəli insanların sözün səl mənasında ətini tökdü.

Nəticədə, Əli Kərimliyə sual yaranır ki, axı sən hara, Belarus xalqı hara?! Bax, məsələ də bundadır. Məsələ bundadır ki, adıçəkilənlər hər zaman başqalarında əldə edilən uğurların nəyə görə özlərində olmamasından ciddi narahat olurlar, amma günahını hakimiyyətdə axtarırlar. Halbuki, günah da elə özlərindədir. Bir filmdə deyildi kimi, “axı nəyə görə bizdə də o əjdahadan yoxdur?” Yoxdursa, günahını da özlərində axtarsınlar bir zəhmət. Daha Belarusa, Venesuelaya, hətta Uqandaya belə getməyə gərək-filan yoxdur...

Rövşən NURƏDDİNOĞLU