Ortoped-travmatoloq: “Koksartroz xəstəliyinin vaxtında müayinəsi nə üçün vacibdir?”

14 Sentyabr 2020 10:20 (UTC+04:00)

Koksartroz dayaq-hərəkət aparatı xəstlikləri arasında ən çox yayılmış xəstəlikdir. Bu xəstəliyi bud-çanaq oynağının osteoartrozu da adlandırırlar. Koksartroz daha çox yaşlı insanlarda müşahidə olunsa da, son vaxtlar bu xəstəliyə cavanlarda da təsadüf edilir.

Koksartrozun əsas əlamətləri bud-çanaq oynağında, budda, qasıq nahiyəsində ağrılar, axsama və oynağın hərəkətliliyinin pozulmasıdır. Vaxt keçdikcə ağrıyan ayaq qısalır, xəstə ayağın bud, baldır və sağrı əzələləri quruyur, həyat qabiliyyətini itirir. Qeyd etmək lazımdır ki, xəstəlik təzə başlayarkən ağrılar zəif olur. Adətən bu halda xəstələr həkimə müraciət etmirlər, gözləyirlər ki, ağrı öz-özünə keçəcək. Amma bu belə deyil. Ağrılar get-gedə güclənməyə başlayır. Müalicə olunmadıqda isə xəstəlik inkişaf edir və daha ağır pozulmalar baş verir.

Əgər xəstə ağrılar zəif olarkən həkimə müraciət eədrsə, koksartroz cərrahiyyə əməliyyatı olmadan da müalicə oluna bilər. Çox təəssüf ki, xəstələr bu zaman ağrılara fikir vermirlər və daha ağır pozuntularla həkimə müraciət edirlər. Daha gecikmiş mərhələlərdə bu xəstəlik yalnız cərrahi üsul olan endoprotez əməliyyatı ilə müalicə olunur. Qeyd edim ki, bu əməliyyat çox ağır əməliyyatlardan biridir, əməliyyatdan sonra bərpa dövrü də uzun və xəstə üçün çətin olur.

Koksartrozun yaranma səbəbləri qan dövranının pozulması, oynağın həddən artıq yüklənməsi ola bilər. Bu xəstəlik artıq çəkisi olan insanlarda baş verə bilər. Digər səbəblər kimi mübadilə və hormonal pozulmaları, travmalar, oynaqların iltihabını, skolioz, kifoz və yastıpəncəlik patologiyalarını, anadangəlmə bud-çanaq çıxığı və anadangəlmə displaziyaları-oynağın inkişafının pozulmaları, oturaq həyat tərzini göstərmək olar. Xəstəliyin əsas müayinə üsulu rentgendir.

Koksartrozun müalicəsi xəstəliyin ağırlıq dərəcəsinə görə mərhələsindən asılıdır. Bu xəstəlik birinci və ikinci mərhələlərdə dərmanların köməyi ilə müalicə olunur, xəstəliyin ən ağır dərəcəsi olan üçüncü və dördüncü mərhələlərdə isə cərrahi müalicə tətbiq edilir. Əməliyyat zamanı xəstə oynaq süni oynaqla əvəz olunur.

Konservativ müalicə zamanı ağrısızlaşdıran və iltihabəleyhinə preparatlar, qığırdağı bərpa edən preparatlar, fizoterapiya istifadə olunur. Koksartrozdan əziyyət çəkən insanlara üzgüçülük çox yaxşı kömək edir.

Tövsiyəm budur ki, oynaqlarınızda, sümüklərinizdə ağrı hiss edən kimi həkimə müraciət edin ki, müalicəni gecikdirmədən sağlamlığınıza qovuşasınız.