Qarabağ şikəstəsinin harayı. (Hekayə)

11 Sentyabr 2020 20:53 (UTC+04:00)

Dilşad NÜSRƏTQIZI

Payız təzəcə girmişdi. Hava yavaş-yavaş soyumağa başlayırdı. Çox qəribə idi. Payızda havanin tutqun olması hər ildə olduğu kimi, bu il də onu yaman təsirləndirmişdi. Qəribəlik əsasən bir də onda idi ki, Kərəm məhz bu aylarda elə bil daha çox qəribsəyirdi, özünü daha qərib, daha kimsəsiz hiss edirdi. Qaçqın düşdüklərindən neçə il sonra məskunlaşdıqları yerdə evlənmiş, ailə qurmuş, özünə yaman-yaxşı güzəran da düzəltmişdi. İki övladı da vardı. Ata-anası da neçə illər onunla birlikdə ürəklərində vətən həsrəti, doğma yurd yarası bir təhər yaşadılar. Üç-dörd il olardı onlar dünyalarını dəyişmiş, doğma yurdlarından uzaq yerdə torpağa tapşırılmışdılar. Kərəm hərdən fikirləşəndə ki, birdən elə vaxt olar burdan köçüb getməli olar, onda görəsən ata-anasını qoyub gedərmi? Bunları fikirləşəndə yerində uçum-uçum uçunurdu. Belə nisgilli günləri isə özünə ömründən hesab etmirdi. Qaçqın düşdükləri günləri isə göynəyə-göynəyə xatırlayırdı. Amma nə etsin. Əlindən nə gəlirdi ki? Bu gün də yenə həmin günləri xatırlayan Kərəmin üzünə qara bulud kölgəsi qonmuşdu. Sən demə onun bu halını həyat yoldaşı da, uşaqları da hiss etmişdilər. Evdə elə bir səssizlik yaranmışdı. Nəhayət, atasının bu halına dözə bilməyən doqquz yaşlı qızı atasına belə bir sual verdi:

- Sənə nə olub ata, niyə belə bikefsən?

- Heç nə qızım, heç bir şey olmayıb,- dedisə də bildi ki, uşağın başını aldada bilməyəcək. Çünki, o günlərin acısını daddığı zaman, özü də qızı yaşında idi və bilirdi ki, bu yaşda uşaqlar çox şeyi anlayırlar. Düzdür, o yaşda düşdükləri vəziyyətdən çıxa bilməsələr də, hər şeyi anlayır, onları gözləyən fəlakətləri duya bilirlər və az da olsa qorxu keçirirlər. Ona görə də qızına heç nə demədi. Tez üzünü çevirib yan otağa keçdi. Üzüqoylu çarpayıya yıxıldı. Axı ürəyi quş ürəyi boyda olan uşağa necə desin, necə anlatsın ki, bu dar otaqlar onu sıxır, geniş həyət-bacalı, hündür, iki mərtəbəli evlərini istəyir. Axı uşağa necə anlatsın ki, o günləri, atasının uzundəki çaşqınlığı, anasının qorxu dolu gözlərini unuda bilmir. Axı necə unutsun? Unutmaq mümkün idimi? Yaşadıqları alçaq kürsülü evi, o evin arxasında təzə tikilmiş iki mərtəbəli evlərini necə unudaydı? Təzə tikdikləri ev tamamilə hazır olsa da, içərisinin “baş-bəzəyi” qalmışdı. Atası isə istəyirdi ki, ev tamamilə hazır olsun, sonra balalarını o evə köçürtsün. Amma, sonralar bu hadisənin o qədər peşmançılığını çəkdi ki. Yadına düşəndə başını qaldırıb balalarının üzünə baxa bilmirdi. Axı niyə uşaqları o evə köçürtmədi. Bəlkə də bir müddət orada yaşayardılar. Uşaqlar elə həyətdən o evə baxa-baxa qaldılar. Mənfur, qaniçən düşmən bütün arzuları ilə bərabər bu arzunu da onların gözündə qoydu. Yaxşı ki, uşaqlar hərdənbir təzə evə qalxıb bütün otaqları sevinclə gəzərək, bu otaq sənin, o otaq mənim - deyə zarafatla höcətləşə bilmişdilər. Yaxşı ki, evin böyük, mərkəzi küçəyə açılan balkonunda dayanıb ətrafı az da olsa seyr edə bilmişdilər:

-Bax, o küçə Laləgilin küçəsidir...

-O küşə isə Aşurgilin küçəsidir. Uşaqlar o küçələri çox yaxşı tanıyirdılar. Axı hər gün məktəbə, bağçaya o küçələrlə gedib gəlmişdilər. Amma, təzə evlərinin balkonundan ətrafı seyr etmək onlara xüsusi ləzzət eləyirdi. Atası da çox vaxt onların sevincinə qoşulur,- az qalıb, darıxmayın, o evlərdə, o balkonda çox oturacaqsınız-deyərdi. Amma, olmadı.Onların arzusu gözlərində qaldı. Anasının dediyi kimi, - görüm erməninin də balasının murazı gözündə qalsın - dedi və bir az da qalsa ağlayacağını hiss edib ayağa qalxdı. Artıq nahar süfrəsi hazır idi. Həyat yoldaşı onun dərdini bildiyi üçün heç nə soruşmadı. Çünki əri ilə bu barədə çox dərdləşmişdi. Bilirdi ki, indi bir söz desə, o nəinki cavab verməyəcək, həm də qınayıcı nəzərlərlə ona baxacaq;- Sən ki mənim dərdimi bilirsən?

Nahar süfrəsi yığışıldı. Uşaqlar öz otaqlarına çəkildilər. Bu gün istirahət günü idi. Kərəm isə bu gün işə gedəcəkdi. Çünki, onun işi elə idi ki, istirahət günü müştərisi daha şox olurdu. Nədənsə, bu gün elə bil işə getmək istəmirdi. Oturduğu yerdə elə oturmuşdu ki, deyəsən heç tərpənmək fikri yox idi. Xəyal onu çox-çox uzaqlara - otuz il əvvələ aparmışdı. İstirahət günləri ailə bir yerə yığışanda, üç yaşlı bacısı atasının ətəyini dartışdırar, qaqaş oxusun ata,qaqaş oxusun-deyərdi. Bu sözdən sonra hamı onun üstünə düşər, ondan oxumasını xahiş edərdilər. Kərəm də onların, xüsusən kişik bacısının sözünü yerə salmaz, oxumağa başlayardı. Əvvəl yavaşca oxuyar, lakin səsi getdikcə yüksələr, hamını xəyala qərq edərdi. Nəğmə xoşbəxt günlərin nəğməsi olsa da, nədənsə hamını kədərləndirər, anası hətta ağlayardı da. Göz yaşlarını gizlətməyə çalışsa da, uşaqlar bunu hiss edər, analarına sıxılardılar. Başa düşməzdilər ki, nəğmə kədərlidir, yoxsa. Bu ”yoxsanı” isə sonralar, üç-dörd il sonra, başlarına gələn bəlalar zamanı anladılar. İndi də Kərəm özünü bir anlıq həmin günlərdə hiss edib oxumağa başladı. Birdən-birə “Qarabağ şikəstəsi” ətrafa yayıldı. O, ağlaya-ağlaya, ürəyinin ağrısını, acısını, həsrətini nəğmənin sözlərinə qata-qata oxuyurdu. Uşaqlar da, anaları da otaqlarının qapılarına dayanaraq, kədərlə atalarına baxırdılar. Bilirdilər ki, ataları indi Qarabağdadır, Ağdamdakı evlərinin həyətini, evlərinə yaxın küçələri gəzir.

Masallı rayonu, Qızılağac kəndi

1 yanvar 2019 - cu il