Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır

11 Sentyabr 2020 16:57 (UTC+04:00)

Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyasət dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir insana bərabər münasibətin nəticəsidir. Azərbaycan dünyada çox az ölkələrdəndir ki, burada bütün dinlərə mənsub insanlar rahat yaşayırlar, onlara eyni münasibət var.

Azərbaycan dövləti ölkədə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Mövcud milli-mədəni müxtəliflik və dini-etnik dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycanın multikultural və tolerant bir ölkə olması, burada multikulturalizmin xalqın həyat tərzi səviyyəsinə yüksəlməsi, həmçinin, dövlət tərəfindən cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin qorunması istiqamətində ölkəmizdə böyük layihələrin həyata keçirilməsi Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilməsinə səbəb olub. Bu gün ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq ənənələri dünya ölkələrində təbliğ olunur və buna maraq artmaqdadır.

Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 39, dünyanın 22 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Yaponiyanın sayılıb-seçilən və ən nüfuzlu 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə hələ 2017-ci ildən start verilib. Növbəti aydan Hokkaydo Universitetində yeni dərs ilinə başlanacaq. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin razılığı əsasında həyata keçirilir. Fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökümətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Dərslər yapon dilində keçirilir.

Azərbaycan multikulturalizm dərsləri üçün qeydiyyatdan keçən yaponiyalı tələbələr arasında gələcəkdə Azərbaycanda təhsil almaq, bu ölkədə iş qurmaq və eyni zamanda, Yaponiya universitetlərində Azərbaycanla bağlı dərs demək istəyən və bu məqsədlə Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı və multikultural durumu ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr Azərbaycanda qış və yay məktəblərində iştirak üçün şans qazanmış olacaqlar. Bu da öz növbəsində tələbələrə stimul verən amillərdən biridir. Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Sevindirici haldır ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, BBMM tərəfindən hazırlanaraq nəşr edilən “Azərbaycan multikulturalizmi” dərsliyinin ingilis dilinə tərcümə edilməsi fənnin xarci ölkələrdə tədrisinin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradır. Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edir.

Nəzakət ƏLƏDDİNQIZI