Qobustan qoruğuna həsr edilmiş videokonfrans keçirilib FOTO

10 Sentyabr 2020 09:46 (UTC+04:00)

Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 54-cü ildönümü münasibəti ilə videokonfrans təşkil olunub. SİA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan qoruğun direktoru Vüqar İsayev qoruq əməkdaşlarını və Qobustansevərləri bu əlamətdar gün münasibəti ilə təbrik edib, Qobustan abidələrinin kəşfi, burada aparılan qazıntı işləri, abidənin qorunması, saxlanması və təbliği istiqamətində görülən işlərdən danışıb. Qobustanı xalqımızın dünəni, bu günü və gələcəyə əmanəti adlandıran natiq, qoruq əməkdaşlarının bu əmanətin qorunub-saxlanılması və təbliği işində keçmiş indiki və gələcək nəsillər qarşısında məsuliyyətini dərk etdiyini, kollektivin bundan sonrakı fəaliyyətində də bütün səy və bacarıqlarını səfərbər edəcəyini, ulu əcdadlarımızın yadigarı olan bu abidə vasitəsi ilə ölkəmizin dünya miqyasında təmsil olunması işinin layiqincə davam etdiriləcəyini videokonfrans iştirakçılarının diqqətinə çatdırıb.

Qobustanda aparılan elmi tədqiqat işləri, yeni layihələr və nailiyyətlər mövzusunda çıxış edən qoruğun Elmi ekspozisiya şöbəsinin aparıcı elmi işçisi Sevinc Şirinli hazırda qoruq ərazisində aparılan tədqiqat işləri barədə məlumat verib.

Konfrans müzakirələrlə davam edib.