Qoşulmama Hərəkatı və Azərbaycan - MƏQALƏ

7 Sentyabr 2020 11:45 (UTC+04:00)

Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğundan xəbər verir. Üzvlərinin sayına görə Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük beynəlxalq qurumudur.

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır.

Təşkilatın daimi orqanı və mənzil qərargahı yoxdur. QH BMT Mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın Sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Hərəkata sədrlik müxtəlif regional qruplardan olan dövlətlər arasında üç ildən bir rotasiya edir. Müvafiq regional qrupdan namizədliyi təqdim etmiş dövlət təşkilatın Sammiti vaxtı bütün üzv dövlətlərin razılığı ilə Sədr seçilir.

Hərəkatın müxtəlif mövzuları üzrə İşçi və Əlaqə Qrupları və Komitələr mövcuddur. Bu qrupların əsas məqsədi Hərəkatın fəaliyyətinə töhfə verməkdir. Mütəmadi şəkildə qruplar Əlaqələndirici Büroya məruzə təqdim etməli və vacib hesab etdikləri zaman görüş keçirməlidirlər.

Təşkilatın üzv olmaq istəyən dövlətin Dövlət və ya Hökumət başçısı və ya xarici işlər naziri Qoşulmama Hərəkatının Sədrinə yazılı şəkildə müraciət edir və müraciət əsasında məsələ Hərəkatın Sammiti və ya Nazirlər Görüşünə çıxarılır. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir. Təşkilata yeni üzvün qəbulu zamanı heç bir üzv dövlət əleyhinə olmamalıdır. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.

Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.

Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. 2018-ci ilin 5 aprel tarixində Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilib.

2019-cu ilin oktyabrın 25-də ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edib. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıb. Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma sədrlik edir.

Qeyd edək ki, hazırda Qoşulmama Hərəkatına üzv olan ölkələrin ərazisində dünya əhalisinin 55 faizi yaşayır. Dünyanın neft ehtiyatlarının 75, təbii qaz ehtiyatlarının isə 50 faizindən çoxu həmin ölkələrin payına düşür. Bu isə onun həm də iqtisadi əməkdaşlıq üçün ciddi perspektiv vəd edən beynəlxalq təsisat olduğunu göstərir.

Digər tərəfdən, Hərəkatın növbəti Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını təsdiqləyir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”.

Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Nəticə etibarilə, dünyanın 120 dövləti, yəni, planetin təqribən üçdəiki hissəsi Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib.

Azərbaycanın 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq. Şübhəsiz, əldə olunan bütün müsbət nəticələrin əsasında Azərbaycan Prezidentinin hələ 2011-ci ildə ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyü ilə bağlı qəbul etdiyi strateji qərar dayanır. Hansı ki, bu qərar BMT Baş Assambleyasında və digər beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrin sırasını xeyli genişləndirdi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən Zirvə Görüşündə yekdilliklə Azərbaycanın quruma üç il müddətinə sədr seçilməsini dəstəkləməsi də, şübhəsiz ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğuru və dünyada ona bəslənən etimadın göstəricisidir.

Bakı Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir. Çünki iştirak etdiyi bütün mötəbər tədbirlərdə olduğu kimi, Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bir daha nümayiş etdirdi və işğalçı ölkənin iç üzünü üzv dövlətlərin hökumət başçılarına çatdırdı.

Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi məsələsinə üzv dövlətlər münasibətlərini belə ifadə etdilər: “Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.

Prezident İlham Əliyev hər zaman milli maraqlar zəminində dünya siyasətində mühüm rol oynayan beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə nail olur. Böyük siyasi iradəyə, diplomatik bacarığa malik dövlətimizin başçısının ədalətli və düzgün siyasəti Azərbaycanı gələcəyə, böyük qələbələrə doğru aparır. İnanırıq ki, Azərbaycan Respublikası dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında 2019-2022-ci illərdə bu məsuliyyətli missiyanın da öhdəsindən layiqincə gələcək.