Çox az qalıb!!!

7 Sentyabr 2020 14:26 (UTC+04:00)

(İyul hadisələrinə yazıçı baxışı)

Döyüş meydanında ilk həlak olan general-mayor Həzi Aslanovun qurduğu qeyrət körpüsündən sən keçdin, Polad Oğlum – general-mayor Polad Həşimov! Vətənə tuşlanan gülləyə sipər oldun, namusumuza sipər oldun. Tək deyilsən! Şəhid qardaşların var: polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, MAXE-əsgər Elçin Mustafazadə, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev.

Üçrəngli Bayrağımız bəy libasınız... Anaların göz yaşları bərəkət yağışınızdı.

Şəhid məkanınız Dərgah ünvanlı... Ruhunuz millətimizin baş əydiyi qürur yerimiz, sönməz eşqimizsiniz, Şəhidlər!

Vətən çiçəklərinin ətrində ətriniz var... Vətən evlərində hörmət taxtınız qərar tutub. Axı, siz könüllərimizin şahısınız!

Uca Allah Buyurur ki, Şəhidlərə öldü deməyin, onlar Allah Dərgahında sağdırlar. Nə xoş halımıza ki, hər an yanımızdasınız!
*** **** ***
Gözün aydın, Şəhid anası, igid oğlun sorğusuz-sualsız Behişt cavanlarına qonşudur. Tariximizin Qızıl səhifəsində müqəddəs adı yazılır... Baş əyirik qarşınızda. Qəlbinizdə övlad yarası varsa, elimizdə Şərəf ünvanlısınız!

Çox az qalıb, Qarabağ tacımız Şuşamızda Milli Bayrağımız dalğalanacaq! İgidlərimizin fərəhdən sinələri qabaracaq. Gəlinlərimiz əlləri xınalı körpələrə tumar çəkəcəklər. Şəhidlərin ruhları pərvazlanacaq. İrəvan üstündə sevinc içində, Xankəndi Qələbə libasında bayram edəcək.

Çox az qalıb, bütün Azərbaycan toy libasında olacaq!!! Çox az qalıb, bütün Azərbaycan fərəh nəğməsi oxuyacaq ildırımdan doğulanlar haqqında:

İldırımdan doğulanlar
(Mahnı mətni)

Vətən adlı beşiyində
Halal südlə qidalanar.
Vətəninin keşiyində
Nər igidtək o dayanar –
İldırımdan doğulanlar.
İldırımdan doğulanlar.
Hey-hey! Hey-hey! - bek-vokal və ya xor

Nəqarət:
Çovğunda da, boranda da
Sərhədinin keşiyində
Ərən kimi dayanarlar!
Hey-hey-hey-hey! - bek-vokal və ya xor
Qayaların zirvəsində
Cəsur, igid sərhədçilər
Heykəl kimi dayanarlar!
Hey-hey-hey-hey! - bek-vokal və ya xor
Yağıların gözlərində
Şimşək kimi hey çaxarlar
İldırımdan doğulanlar!
İldırımdan doğulanlar...
Hey-hey! Hey-hey! - bek vokal və ya xor

Od yurdunun odu vardır,
Damarında qoru vardır,
Kişi sözlü, igid yardır
İldırımdan doğulanlar,
İldırımdan doğulanlar!
Hey-hey! Hey-hey! -bek-vokal və ya xor

Mahnının bəstələndiyi muğam üstdə sözsüz milizm və ya variasiya

Nəqarət təkrar olunur.

Fəthin mübarək!

Uca mərtəbədə, pak bələkdəsən. Laylanı səma mələkləri söyləyir. Ehtiyacsızsan! Axı, bütün ehtiyacları Ödəyəninin yanındasan!

Pak irmaqlar, saf sular, nurdan pay alan meyvələrdi nəsibin! Otuz üç yaşında, gözləri yalnız ərlərinə dikmiş ahu gözlü Hurinin yanındasan. Xoş halına!

Ağaclar tumurcuqlananda, güllər qönçələnib üzə güləndə Sən yenidən doğulursan vətən torpağına!
Nə qədər torpaqda can var, nəfəs var, Sən də var olacaqsan rayihən, ətrinlə.
Məkanın mübarək!
Məqamın mübarək!
Milli mənliyin keşiyində

Əllərdə milli bayraqlar... Yenə millətim küçələrə səpələnib qəlbində Vətən eşqi, Şəhidlərimizin ruhlarına ehtiramla. Səslər ürək titrədir. Səslər ruhu sirkələyir. Millətim əqidə uğrunda savaşdadır. Millətim namusunun keşiyindədir! Millətim torpağını kəfən seçib özünə, Böyük İlahi Eşqdən yoğrulmuş Milli Bayrağımızın şərəfini qorumaqdadır.

Xalqım küçələrə zinət verir görünüşü, səsləriylə, əllərindəki bayraqlarla Vətən adlı Ananın düşməninə etiraz edir.

Torpağımda ağalıq bu torpaqdan dirçələn oğullarına yaraşır! İlhamına yaraşır! İlhamlı Vətəninə yaraşır!
Yağı kinini əkib, nifrətini becərdi. Böhtanını əkib yalanını qazandı. Çürük toxumlar bizim torpaqlarda becərməz. Ora Azərbaycan toxumu gərəkdir!!!

Mənim Prezidentim xalqı ilə nəfəs alır, əsgərinin yanındadır. Yaralı əsgər övladdan əzizdir! Prezidentim yaralı əsgərinin yanındadır.

Biz - atalara, babalara, qardaşlara yaralı əsgər canımızdan çox-çox əzizdir. Buna inam üçün bizim keçdiyimiz yolu keçmək lazımdı. Hələ 80-ci illərdən Qarabağdan əsən qara yellər, Qarabağın üstünə çökən qara buludlar bizim bu gümümüzü göstərirdi. O zaman biz gənc idik, övladlarımız körpə. Övladlarımız ərən oldular. Sevgi əkib, oğul becərdilər Azad Azərbaycan üçün!

Ulu Hikmətdən bizə əta olunan İlahi Eşqimiz var: Vətən və Namus! Qüdrətimiz var, özünü tanımayana tanıtmaq, yerini bilməyənə yerini bildirmək ağlımız, güc göstərənin qarşısına çıxaracağımız qüdrət gücümüz var! Bizim ƏSGƏRİMİZ var!

Allahından qüvvət alıb, İlhamından İlham alıb xeyir-dua ilə ön cəbhəyə gedən ərənlər! Milli bayraqlı tabutlarınız fəxrimizdir! Mübarəkdir!


***
ŞƏHİDLƏR! Sevda dolu qəlbinizdə sevda ilə yol getdiniz. Sevda dolu gözlərdəki sevdaları özünüzlə apardınız. Çiçək açdı andlarınız! Azərbaycan ürəyinə həkk olundu adlarınız!
Yaylım atəşlərindən daha Uca Mərtəbəyə yol aldınız!
Bizim andımız – sizsiniz!
Hər yağış yağanda yağar üstümüzə məhəbbətiniz.
Ağ örtüyə bürünüb qar kimi gələrsiniz evimizə, əriyib axarsınız ürəyimizə. Görərsiniz: var imiş bir Uca Mərtəbədə də - Könüllərin Sarayında eviniz, taxtınız.
Mübarək olsun, övladlarım!
Ən igid əsgər bizim əsgər!

Yaş işini görür. Bu sözlər kövrəldir məni. Sözlərdəki inam, iman, etibar qəlbimi titrədir.
Mənim əsgərim! Bu sözlər necə böyük sevginin təcəssümüdür! Fitrətini izah etmək bir yazıçı üçün belə çətindir. Onun maddi və mənəvi yükü, psixoloji və psixiofizioloji yükü çox ağırdır. Hikməti hələ kəşf edilməmiş məhəbbətlə yoğrulub.
Qanında ildırım, canında alov,
Qınına çəkilər qorxudan yalov.
Qartal tək şığıyar o alov – al ov -
Bizim əsgər, igid əsgər.

Şəhidlik onunçün bir mübarək yol,
Allahın bir sözü vardır yalnız: “Ol!”
Ağlına güvənər, varı – güclü qol -
Bizim əsgər, igid əsgər!

Vətənimin hər bir oğlu, hər bir qızı bu gün onu qorumağa hazır olan igid əsgəridir!

Vətən, Sənə Canım Fəda!

Kəfəni Vətən eşqi, mənzili vətən torpağı, Ruhunun məkanı Uca Dərgahdır Şəhidlərin! Müqəddəs kəlamla Buyurulur ki, “Şəhidlərə öldü deməyin, onlar Allah Dərgahında sağdırlar!” Bu inam və bu imanla könül dünyamızın taxtında şahlıq edirsiniz, Şəhidlər.

Axar sular tərsinə axmır. Su axarının tərsinə üzmək olmaz. Yer tərəzisində dünyanı tərsliklə ölçənlər cəhənnəm təndirinə düşürlər. Saf sular qoynunda isə Şəhid ruhları uyuyur.

Əsən küləkləri görmürük, amma gücü, qüdrətinin əlamətlərini görürük. Sərinlədir, tozlandırır, torlandırır, yeri gələndə dağıdır. Küləklər bizə Şəhid müjdəsi verir, yağıya əbədi lənət! Lənət olmuş şeytana uyduqları üçün!

Dərin dəryalarda su üzündə gəmiləri saxlayan hansı qüdrətdir?

Bunu anlayırmı anlamazlar, qonşuluq haqqını, göz haqqını, söz haqqını unudanlar?

Kədərimə sevinən yağı, yerləri-göyləri, yerdəkiləri-göydəkiləri Yaradanı anlamadığın üçündür! Qanmırsan ki, qəmim fəxrimdən yoğrulub. Kədərimin başında İftixarım dayanır. Qəmimin üstündə Şəhid adı dayanıb. Biz şərəfimizin fövqündəyik! Yaradan isə bizim fövqümüzdə!

Az qalıb! Bizim olanın bizə fərəh hədiyyəsi ərməğan edəcəyi ana ÇOX AZ QALIB!!!
Qismətim olarsa, Qarabağımızın tarixi həqiqətləri və saf məhəbbət dastanı haqqında mən də yazacağam! Amin!!!

Rafiq RƏHİMLİ
19 iyul 2020, 00.21