"İnvestisiya mühitinin yaxşılaşdırılması, yerli səviyyədə sərmayə qoyuluşları bölgə ilə paytaxt arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılmasına gətirib çıxara bilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü olan deputatı Vüqar Bayramov deyib.
"İdarəetmə aparatının həm yerli, həm də mərkəzi səviyyədə optimallaşdırılması ilə bağlı islahatlar davam edir. Bu, bir sıra mərkəzi icra orqanlarının, eləcə də, qurumların birləşməsinə səbəb olur. Biz bunu əvvəlki illərdə də müşahidə etdik. Eyni zamanda yerli səviyyədə kadr islahatlarının aparılması, gənclərin yerli icra hakimiyyəti orqanlarına rəhbər təyin olunması da yerli səviyyədə islahatların davam etməsindən xəbər verir. Azərbaycan üçün yerli səviyyədə islahatların davam etdirilməsi, xüsusilə də, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin təkminləşdirilməsi bölgələrə investisiyanın cəlb edilməsi baxımından çox vacibdir. Nəzərə alsaq ki, Azərbaycan Prezidenti bir müddət öncə regionlara həm yerli, həm də xarici investisiyanın daha çox cəlb edilməsi ilə bağlı göstərişlər verdi. Həm də investisiya mühitinin yaxşılaşdırılması, yerli səviyyədə sərmayə qoyuluşları bölgə ilə paytaxt arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılmasına gətirib çıxara bilər. Bu baxımdan gözlənilir ki, yerli səviyyədə idarəetmə sisteminin optimallaşdırılması ilə bağlı islahatlar davamlı olacaq" - deyə, millət vəkili bildirib.
Onun sözlərinə görə, kadr islahatları da davam edir, xüsusilə də, yerli icra hakimiyyəti orqanlarının gəncləşdirilməsi siyasəti, yerlərdə investisiya mühitinə, o cümlədən, aktivliyə pozitiv təsir göstərir, bu baxımdan nəticə etibarilə bir tərəfdən bürokrativ əngəllərin azaldılmasına, minimumlaşdırılmasına, investisiya mühitinin daha da yaxşılaşdırılmasına və bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün yersiz müdaxilələrin aradan qaldırılmasına gətirib çıxaracaq:
"Bu baxımdan gözlənilir ki, yerli idarəetmə aparatında da struktur islahatlar davam etdiriləcək. Bu, idarəetmənin optimallaşdırılması, çevikliyin gücləndirilməsinə, qərarların daha şəffaf və səmərəli şəkildə verilməsinə gətirib çıxaracaq. Həmçinin, biz yerli səviyyədə yerli icra hakimiyyət orqanları ilə bağlı islahatların davam etdirilməsini alqışlayırıq. Daha məqsədəuyğun olardı ki, yerli idarəetmə orqanı ilə əlaqədar daha optimal idarəetmə sistemi yerlərdə formalaşdırılsın ki, bu da yerlərin iqtisadi baxımdan inkişafı üçün ciddi bir zəmin yarada bilsin".