Xalq artisti Səyavuş Aslanın anadan olmasından 85 il ötür

5 Sentyabr 2020 13:41 (UTC+04:00)

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslanın anadan olmasının 85-ci ildönümü tamam olur. SİA-nın məlumatına görə, Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Səyavuş Aslan 1958–1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984–1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə Səyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb. O, həmişə səhnədə öz ifa tərzinə xüsusi incəliklərlə yeni çalarlar əlavə edib, çıxışlarını teatrsevərlər və kinosevərlər üçün estetik zövq mənbəyinə çevirməyi bacarıb.

Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Səyavuş Aslan həm də məşhur kino ustası olub. Onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşadıb. Səyavuş Aslanın teatr və kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbidir.

Onun üçün oynaya bilməyəcəyi rol yox idi. O, “Hamlet”, “Böyük Romul”, “Ax, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Hicran” , “Poçt şöbəsində xəyal”, “Varlı qadın”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Bizim qəribə taleyimiz” tamaşalarında, “Ulduz”, “Bəyin oğurlanması”, “Yol əhvalatı” filmlərində, “Yaşıl eynəkli adam”, “Qaynana əməliyyatı” və digər teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazana bilib.

Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Səyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilib. O, bir çox mükafat və fəxri adlar alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “Şərəf”, “Şöhrət” ordenlərinə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

2013-cü ilin iyunun 27-də dünyasını dəyişən unudulmaz sənətkarımız Səyavuş Aslan yaratdığı parlaq obrazlar qalereyası ilə sənətsevərlərin qəlbində, o cümlədən teatrımızın, kinomuzun tarixində əbədi olaraq qalacaq.