Azərbaycanın "Eurovision" təmsilçiləri bu gün çıxış edəcəklər
10 May 2011 18:43 (UTC+04:00)
Bu gün Azərbaycanın "Eurovision-2011" təmsilçiləri Eldar Qasımov və Nigar Camal "Esprit Arena"da finala çıxmaq uğrunda mübarizə aparacaqlar. SİA-nın məlumatına görə, Azərbaycan təmsilçiləri Düsseldorf səhnəsində 18-ci nömrə altında səhnəyə çıxacaqlar.
Təmsilçilərimiz isveçli müəlliflərə məxsus olan "Running Scared" mahnısı ilə Avropa ictimaiyyəti qarşısında çıxış edəcəklər. I yarımfinalda ümumilikdə 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. 19 ölkədən 10-u mayın 14-də keçiriləcək final mərhələsində iştirak hüququ qazanacaq.
Azərbaycanla yanaşı, bu gün Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan təmsilçiləri də finala çıxmaq uğrunda yarışacaqlar. Səsvermə həm tamaşaçılar, həm də münsiflər tərəfindən aparılacaq. Eyni zamanda bu il daha bir yenilik səsvermənin teleqraf əsasında da keçirilməsi mümkün olacaq.
Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011" mahnı müsabiqəsində 43 ölkə iştirak edir. Müsabiqənin II yarımfinalı mayın 12-də baş tutacaq, final mərhələsi isə mayın 14-də olacaq. Hər yarımfinalda 19 ölkədən 10-u finala vəsiqə qazanacaq və finalda 25 ölkə birincilik uğrunda yarışacaq.