Sentyabrın 5-də Azərbaycanın görkəmli teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Xalq artisti Səyavuş Aslanın anadan olmasının 85 illiyi tamam olur. SİA-nın məlumatına görə, bu münasibətlə Respublika Gənclər Kitabxanası aktyor haqqında “Üzdə təbəssüm, qəlbdə göz yaşları” adlı videoçarx hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim edib. Videoçarxda Səyavuş Aslanın həyat və yaradıcılığı, sənətə gəlişi, sənət yolu haqqında ətraflı məlumat verilib, onun “Hamlet”, “Böyük Romul”, “Ax, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Hicran” , “Poçt şöbəsində xəyal”, “Varlı qadın”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Bizim qəribə taleyimiz” tamaşalarında, “Ulduz”, “Bəyin oğurlanması”, “Yol əhvalatı” filmlərində, “Yaşıl eynəkli adam”, “Qaynana əməliyyatı” və digər teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlarından söhbət açılıb.
Videoçarxın sonunda Səyavuş Aslanın səhnədə və kinoda yaratdığı rəngarəng obrazlarından fraqmentlər təqdim olunub.
Respublika Gənclər Kitabxanasının əməkdaşlarının Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslan haqqında hazırladığı videoçarxa https://www.instagram.com/p/CErg6XJhuGK/ linki vasitəsilə baxmaq olar.