Aparıcı Vüsalə Əlizadə də bəzi tanınmışlar kimi illər öncəyə geri dönüb. SİA-nın məlumatına görə, aparıcı sosial şəbəkədə yeni şəkillərini yayımlayıb. O, paylaşımında məkəbli qız obrazını yaradaraq uşaqlığını xatırlayıb və bu sözləri qeyd edib: "Xəyallar qayıtsa da, ötən günlər qayıtmaz. Sentyabr ayı bizim həyatımızın özəl ayı idi. Necə sevinirdik ki, məktəbimizi, müəllimlərimizi görəcəyik.

Tətil olanda sinif yoldaşlarımız üçün darıxırdıq. Dərs günü başlayanda səhərə qədər həyəcandan yatmırdıq. Hər il yeni paltarlar geyinmək vacib deyildi. Amma ütülü, təmiz, gözəl görkəmli məktəbli formamız var idi. Bizim dövrün uşaqları bilər.

Sevincimizin həddi-hüdudu olmurdu ki, səhər məktəbin həyətində sırada düzlənəcəyik və yeni kitablar veriləcək. Artıq 1-ci sinifə getdiyim gündən 30 il keçir. Sinifin ən kiçiyi, ən dəcəli, amma ən aktiv şagirdi idim. Doğma bibim (Solmaz müəllimə-Allah rəhmət eləsin) ilk sinif rəhbərim olsa da, məsuliyyət və həyəcan var idi. Hər gün həyətimizdəki tut ağacının altında məhəllə uşaqları məni gözləyirdi ki, məktəbə gedək. Etiraf edirəm ki, hər zaman məktəbə gecikirdim.

Onu da qeyd edim ki, iki məktəbdə təhsil almışam. Hazırda da sinif yoldaşlarımla münasibətim davam edir. 30 ildir ki, bu sevgini qoruyub saxlaya bilmişəm. Nə yaxşı ki, insan həyatında məktəb illəri olur. Ən saf, gözəl, həyəcanlı və unudulmaz məktəb illəri...1990-2020..."
