Bahar Muradova: “Tədris müəssisələrində hicaba qoyulan bu qadağaya ciddi şəkildə əməl edilməlidir”
8 May 2011 00:53 (UTC+04:00)
Milli Məclisin vitse-spikeri Bahar Muradova ötən gün bir qrup dindarın Təhsil Nazirliyi qarşısında keçirdiyi mitinqə münasibət bildirib. SİA-nın xəbərinə görə, B.Muradova jurnalistlərə açıqlamasında deyib ki, mitinq keçirmək, kütləvi şəkildə toplaşmaq, bu və ya digər məsələ ilə bağlı fikirlərini qanun çərçivəsində bildirmək hər bir azərbaycanlının hüququdur: "Bu cür mitinqlər qanun çərçivəsində reallaşdırılsa, bu normaldır. Hicabla bağlı keçirilən mitinqlərin məzmunu mənə aydın deyil. Azərbaycanda hicaba qadağa qoyan qanun və ya sərəncam yoxdur. Hicab taxmaq hər bir vətəndaşın öz hüququdur və bundan istifadə edə bilər O ki, qaldı tədris müəssisələrində məktəbli formalarının tətbiqinə, bu isə başqa söhbətdir. Düşünürəm ki, tədris müəssisələrində hicaba qoyulan bu qadağaya ciddi şəkildə əməl edilməlidir".
ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimiunun mayın 12-13-də ölkəmizə səfər edəcəyini deyən B.Muradova qeyd edib ki, onun bu səfəri parlament assambleyasının sədri kimi Azərbaycana ilk gəlişidir. Bu səfərin tanışlıq xarakteri daşıdığını deyən vitse-spiker bildirib ki, bu çərçivədə ATƏT üzvü olan ölkədə ATƏT dəyərlərinin necə inkişafı, özünə yer tapması, o cümlədən regionda olan Dağlıq Qarabağ münaqişəsi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələrlə bağlı fikir mübadiləsi aparılacaq.