Ermənistanda “qızğın payız” gözlənilir TƏHLİL

31 Avqust 2020 17:45 (UTC+04:00)

Ermənistanda payız fəslinin, deyəsən, nəzərdə tutulandan da, hətta ənənəvi haldan da “qızğın” keçəcəyi gözlənilir. Necə deyərlər, cücəni payızda saymaq vaxtı çatıb və heç də Ermənistan hakimiyyətinin arzuladığı şəkildə sayılacağı gözlənilmir.

İşğalçı ölkənin bu vəziyyətdə siyasətinin şərti xarakter daşıdığı göz qabağındadır. Ermənistanın müxalifət qüvvələrinin payız ərəfəsində ambisiyaları əhəmiyyətli dərəcədə artıb. Beynəlxalq müstəvidə Ermənistanın düşdüyü çətin durum da ab-havaya xüsusilə təsir edib və ermənilərin son döyüşlərlə yanaşı, diplomatik baxımdan da məğlubiyyəti müxtəlif qruplaşmaları əməlli-başlı qıcıqlandırıb və bununla barışmaq istəmədikləri üçün Ermənistan hakimiyyəti hazırda düşünülmüş şəkildə hədəfə alınıb.
Xarici siyasət mühiti, əlbəttə ki, daxili həyatda iştirak edənlərin payız davranışlarına şübhəsiz ki, təsir göstərəcək. Özü də mövqe və status üçün müxalifət hisslərini səfərbər etmək və idarə etmək üçün bir-biri ilə rəqabətdə olacaq. Bu mənada, Ermənistanda “qızğın payız” gözlənilir proqnozu reallığa daha yaxındır. Bu istilik, bu hərarət təbii ki, Ermənistan hakimiyyəti üçün ümumiyyətlə arzuolunmazdır. Məsələ burasındadır ki, Ermənistanda hakimiyyət uğrunda mübarizənin daha kəskin xarakter alacağını bütün erməni cəmiyyəti yaxşı bilir. Buna hazırlıq da göz qabağındadır. Yaxın gələcək üçün mənzərəni təsəvvür etmək belə istəməyən Paşinyan və onun hakimiyyəti cücənin sayılmaq vaxtının çatdığını, payızda nələrlə qarşılaşacağını dərk etsə də, özünü bilməməzliyə vurur. Çünki bunu bildiyini etiraf belə etmək ona sərf etmir. Amma bilməməzliyə vursa da, vurmasa da onunla barışmayan, ona qarşı olan qüvvələrin varlığı və yeri gələndə birləşməsi reallığı ilə qarşılaşmaq məcburiyyətindədir.
Ermənistanda hakimiyyətə müxalif qüvvələr bir deyil, iki deyil ki, bunun üstünü ört-basdır edə bilsinlər. Hansı bir qüvvəni nəzərə almamaq olar axı? Nikol biçarə uzun zamandır həbsdə saxladığı Robert Koçaryana əbəs yerə belə aqressiv deyil. Ona qarşı etdiklərini də ninki erməni cəmiyyəti, eləcə də bütün dünya ictimaiyyəti çox yaxşı bilir. Dəfələrlə Rusiya hökumətinin, yəni özlərinə “böyük qardaş” hesab etdiklərinin bu barədə iradlarına belə baxmayaraq, Paşinyan israrla Robert Koçaryanı, Ermənistanın eks-prezidentini həbsdə saxlamaqda davam edirdi.
Əslində, bu məsələyə təkcə rəqibinin həbsdə saxlanılması kimi də yanaşmaq yanlışlıq olar. Çünki bu adam təkcə rəqib deyildi, nəzərə almaq lazımdır ki, o eyni zamanda Ermənistanın ikinci prezidenti olub. Bu məqam bir sıra mətləblərə aydınlıq gətirmək üçün yetərlidir. Doğrudur, bu məsələdə rəqabət, yaxud repressiya kimi mövzular var və artıq bu mövzular erməni cəmiyyətində də, dünya mediasında da dəfələrlə, özü də ardıcıl olaraq müzakirə edilib. Müzakirələr də erməni baş nazirinin haqsızlığını, qanunlara, hüquqa riayət etməməsini, eləcə də qanunları öz istədiyi şəkildə istifadə etməsini ortaya qoyub və buna bir növ hamı alışıb. Amma müzakirə mövzusu indi odur ki, Nikolun rəqib bildiyi və həbsdə saxladığı, incitdiyi adam, işğalçı ölkənin sıravilərindən, müxalifət nümayəndələrindən biri yox, prezidenti olub ki, bu da haqlı olaraq ictimai narazılıq yaradan səbəbdir. Çünki Paşinyan eks-prezidenti həbs etməklə, onu təhqir etməklə onun seçicisini də, tərəfdarlarını da təhqir etmiş oldu və özü-öz qarşısına real qüvvə, güc çıxardı.
Ermənistanın ağlına gələni edən baş nazirinin qanunsuz hərəkətləri, düşünülməmiş addımları təkcə Koçaryanla bitmir axı. Artur Vanesyan kimi Milli Təhlükəsizlik Xidmətinin rəisinin vəzifəsindən səbəbsiz yerə, yəni, Paşinyanın xoşu gəlməməsindən, onun əmrlərinə tabe olmamasından başqa hansısa normal, qəbuledilən səbəb olmadan qovulması digər bir əks qütbün, qüvvənin yaranmasına rəvac verdiyi də gizli deyil. Əlbəttə ki, bu vaxta qədər heç Artur Vanesyan da susmadı və ən kritik məqamlarda, ən həssas məsələrdə Nikol Paşinyana etirazını bildirdi, onu qınadı və ona müxalif olduğunu da bəyan elədi. Heç də bu adamın ətrafı digərlərindən az deyil. Bəlkə də ona yaxın adamların sayı Paşinyan hakimiyyətində təmsil olunanların, bu hakimiyyəti guya dəstəkləyənlərin sayından az deyil. Bu isə Nikol Paşinyan üçün yetərincə böyük problemdir və onun başağrısına səbəb olacaq amildir. Bu yerdə xatırladaq ki, Paşinyan üçün ən böyük başağrısı elə hakimiyyət məfhumudur. Çünki ayının min oyunu bir armudun üstündə olduğu kimi, bu avantüristin də ən yaralı, ən həssas yeri elə hakimiyyət kürsüsüdür ki, kor gözünü qoruyan kimi qamarladığını qoruyur. Daha doğrusu, qorumağa çalışır. Çünki qoruyacaq, yaxud qoruya bilməyəcək, bunu zaman göstərəcək. Özü də cücənin sayılacağı payızda.
Ermənistanın baş nazirinin repressiyaları, haqsızlıqları, hüquq pozuntuları, narazılıqlara rəvac verməsi sadalanan iki halla əlbəttə ki, bitmir. Bu adam Qaqik Sarukyanda qarşı da ədalətsiz və qanunsuz davrandı. Özü də Ermənistanın parlamentində təmsil olunan birinə qarşı belə davranmaqdan çəkinmədi və sonra dərk etmək məcburiyyətində qaldı ki, özünə qarşı daha bir güc, qüvvə yaradılmasına şərait yaratdı. Əlbəttə, erməni xisləti təkcə bizə, yaxud, erməni cəmiyyətinə tanış deyil və bunu bütün dünya da yaxşı bilir və hər kəsə aydındır ki, məhrumiyyətlərlə qarşılaşan erməni hər yola əl atmağa hazırdır. İndi Nikol Paşinyan Qaqik Sarukyanın atacağı o “hər yola” da hazır olmaq, ən azından zərbələrini almaq məcburiyyətindədir.
Sadalanacaq faktlar, narazılıq yaradan səbəblər, narazıların sayı bitən, tükənən deyil. Bir zaman Ermənistanın ictimai-siyasi həyatında xüsusi yeri olanlardan tutmuş, ayrı-ayrı adamlara, ən sıravi vətəndaşlara qədər Paşinyanın sancmadığı, hüquqlarını pozmadığı, qanunsuzluq tətbiq edərək əzmədiyi kimsə qalmayıb. Bir sözlə, Paşinyan özünə və komandasına qarşı narazılar ordusu yaradıb. Bəzən, onun komandasını tərk edənləri də bu mənada başa düşmək çətin deyil. Yəqin ki, biçarələr bu narazılıqlar burulğanından çəkindikləri, qorxduqları üçün, bir növ baş götürüb qaçırlar. Əslində, elə doğru edənlər, düzgün addım atanlar da həmin onlardır. Çünki bu hakimiyyət postunu, əslində dövlət çevrilişi ilə qamarlayan küçə nümayişçisinin düşünülməmiş, haqsız, ədalətsiz, qanunsuz əməllərinin əks zərbəsindən ehtiyat edənlər haqlıdırlar. Nyutonun üçüncü qanununa istinadə edərək deyə bilərik ki, Nikol Paşinyanın insanlara, Ermənistanda özünə rəqib bildiyi kəslərə sadalanan mənfi təsirlərin əks təsirlə əvəzlənəcəyi zərrə qədər şübhə yarada bilməz. Sadəcə, hər bir məsələnin zamana ehtiyacı var və indi artıq bu zaman yetişib. İndi bu payızın həmin o zaman olacağı ehtimalı çoxdur və məhz bu baxımdan politoloqlar Ermənistan, ələlxüsus, Paşinyan hakimiyyəti üçün bu payızın “isti payız” olacağı qənaətindədirlər. Proqnozlar isə erməni baş nazirinin ürəyincə deyil. Çünki belə “qızğın payız” onun sonu olacağı kimi proqnozlaşdırılır.