Gülüş və kədər ustası RAC KAPUR

30 Avqust 2020 19:37 (UTC+04:00)

(Esse)

Ötən saylarımızın birində dahi hind aktyoru Rac Kapurun məşhur “Avara” filmi haqqında sizə xeyli söhbət etmişdik. (Rac Kapur 1924-cü ilin 14 dekabrında Pişəvərdə dünyaya gəlib). Fikirləşirdim ki, gənc nəsli dahi aktyorun digər bir filmi ilə də tanış edim. Sözsüz ki, bu film öz təsir gücünə, kompozisiyasına, dinamikliyinə, həm gülüş doğurma məqamına, həm də paradoksal olaraq kədər hissləri sərgiləməyinə görə “Avara” filmindən sonra ikinci filmdir ki, aktyora dünyada böyük şöhrət qazandırıb. Bu, “Cənab 420”hind filmidir.

Film 1955-ci ildə Bombeydə “Rac Kapur film” kinostudiyasında istehsal olunub. (Hələ 1948-ci ildə Rac Kapurun artıq şəxsi studiyası vardı). İki hissədən ibarət olan bu filmin ssenari müəllifləri X. Ə. Abbas və V. P. Satxedir. Baş rollarda Rac Kapur, Nərgiz və Nadira oynayırlar. Rolların digər oyunçuları aşağıdakılardır: Hari Sivdasani, Nana Palsikar, Bhudo Advani, Pessi Patel, Rames Sinha, Rəşid Kaan, Şeila Vaaz, S. Berrü, Kathana Satyanarayan, Şailendra, Rajoo Mansaram, İftiknar, Uma Devi, Anvari, İndira, Miraykar, Bhaqvandas, Late Bishamber və sairə.

Filmin bəstəkarı Şankar Jaikishan, ifaçılar Lata Mangeskar, Asna Bnosle, Manna Dey və Məhəmməd Rəfidir. Operator Radxu Karmakar, prodyusser və rejissor Rac Kapurdur.

***

“Cənab 420”filmi Rac Kapurun yolda piyada dayanıb maşınları əyləməsi ilə başlayır. Onun öz-özünə müraciəti də gülüş doğurur. Guya əynindəki gülüş doğuran kostyumu ingilis kostyumu, başında rus şlyapası, ayağındakılar isə yapon başmaqlarıdır. Əlindəki çubuğa bükülmüş bağlaması isə onun varidatıdır. Nəhayət, Rac milyonçu Sonaçan Xarmalanın maşınına götürülür. Az sonra onun hiyləsinin üstü açılır və o, maşından çıxarılır.

Rac iki yol ayrıcında dayanır. Bu yol işarəsi də simvolik olaraq verilmişdir. Doğruluğa və əyriliyə aparan yollar. Rac tərəddüd edərək ikinci yolu tutur. Bu yol Bombeyə gedirdi. Bombeyə tərəf gedən Rac məşhur mahnı ilə könülləri oxşayır. Bu mahnı indi dillər əzbəridir, öz oynaqlığı, dinamikliyi ilə başqa hind mahnılarından fərqlənir. Bu filmdən sonra onlarla ifaçılar meydana gəlib və populyarlaşıb. Özünü Rac Kapura oxşatmağa çalışan nə qədər müğənnilər meydana çıxsa da, onlar Mukeş və Məhəmməd Rəfinin ifasını təkrar edə bilməzlər. Müqayisə üçün deyim ki, xanəndələr mərhum Qədir Rüstəmovun mahnı və təsniflərini nə qədər oxusalar da, onun əvəzi və təkrarı yoxdur. Mukeş və Məhəmməd Rəfi Rac Kapurun yeganə kadrarxası əvəzediciləri olan əfsanəvi müğənnilər olmuşlar.

Racın Bombeyə gəlişi müxtəlif kadrlarla müşaiyət edilir və ən nəhayət, o, Bombeyə gəlib çıxır.

***

Filmdə pul, sərvət üçün fırıldaq yolu ilə kimlərin nələr etdiyini, xalq kütlələrini necə aldatdıqlarını, hər gün keyf məclislərində günlərini eyş-işrətlə keçirtdiklərini dəfələrlə görür və buna heç də təəccüb etmirik.

Filmin baş qəhrəmanı Rac universiteti fərqlənmə diplomu ilə bitirmişdir. “Doğruluq, şərəf” mükafatı almışdır. Hətta qızıl medalı da vardır.

Filmdə bir həyat paradoksu var: ya çalıb-çapıb zəngin, ya da zəhmətlə çalışıb kasıb olmalısan. Rac ətrafına baxıb müvəqqəti olaraq ikinci yolu tutur və zənginləşir. Cəmiyyət içərisində bir mahir oyunçuya çevrilir, onun işindən heç kəs baş açmır, hətta sevdiyi qız Rita da sadə, savadlı, kasıb, lakin qəlbi təmiz, saf, qədirbilən, həm də kövrək olan Racı tanıya bilmir.

Rac kazinoda qumar məclisində o qədər pul qazanır ki, bu pulları illərlə Rita qazana bilməzdi. Lakin Rac Bombeyə iş üçün gəlir və burada həyatın gerçək üzü ilə qarşılaşır. Bazardakı şikəst dilənçi ona deyir ki, bura Bombeydir. Burada təmiz adam yaşaya bilməz. Burada gərək yıxılmayasan, çünki yıxılana hamı gülür. Çalış yıxılmayasan.

Söhbətimi müvəqqəti olaraq burada saxlayıb dahi kino aktyoru Rac Kapurun xarakteri, həyatdakı mövqeyi, tərəf-müqabilləri ilə münasibəti, filmləri çəkərkən keçirdiyi hisslər haqqında danışmaq istəyirəm.

Hamının sevimlisi olan Rac Kapur hansı filmdə çəkilirdisə-çəkilsin, öz işini ürəkdən görürdü, həmişə qəlbinin səsinə qulaq asırdı, çalışırdı ki, elə rol oynasın ki, filmləri dünyaya yol aça bilsin, bəşəriyyət həqiqi mənada onu bəyənsin və sevilsin. “Oskar” mükafatına layiq görülən filmlər kimi kinoteatrların səhnəsindən heç bir zaman düşməsin.

Əlbəttə, onu bütün dünya sevirdi. İnsanların qapıları onun üzünə açıqdı. Hara gedirdisə, hamı onu gülərüzlə, qonaqpərvərliklə qarşılayırdı. Onun oynadığı rollar həm komik, həm dramatik, həm də romantik mahiyyət daşıyırdı. O, oynadığı rolların öhdəsindən məharətlə gəlirdi və onlara bir qədər də şirinlik qatırdı. Ən başlıcası isə filmdə mahnıları oxumaq üçün Bollivudun ən mahir ifaçılarını-Məhəmməd Rəfini və Mukeşi filmlərinə dəvət etməsi idi. Onlar mahnıları kadrarxası oxuyurdular. Rac Kapur da mahnılara uyğun hərəkət və jestlər edir, heç bir süniliyə yol vermirdi. Çox zaman məzəli hərəkət və jestlərinə görə dahi aktyor Çarli Çaplini xatırladırdı. Lakin Rac Kapurun hərəkətləri ilə Çarli Çaplinin hərəkətləri arasında fərqli cəhətlər də mövcud idi. Rac Kapurun hərəkətləri yersiz hərəkətlər deyil, əksinə, qəhrəmanın düşdüyü vəziyyəti ilə sıx əlaqədardır, burada heç bir yanlışlığa, artıq hərəkətlərə yol verilmir. Camaşırxanada, Rita ilə yağışlı gecədə, filmin əvvəlində qaçış epizodları və s. bilavasitə, onun aktyor keyfiyyətlərindən xəbər verir.

Rita (Nərgiz) Rac Kapurun çəkdiyi əksər filmlərində onun tərəf-müqabili olub. Həyatda onlar arasında, yəni, Nərgizlə Rac Kapur arasında isti münasibətlər olub. Nərgiz Rac Kapuru ürəkdən sevib və hətta öz sevgisini də ona bildirib. Məqsədi də onunla ailə həyatı qurmaq olub. Lakin Rac Kapur evli olduğu üçün sonradan Nərgizlə bir yerdə çəkilişlərini dayandırır. Nərgiz xatirələrində söyləyir ki, Rac Kapurla çəkildiyi filmlərdə qadın rolu ona görə güclü olub ki, o zamanlar Rac Kapuru çox sevirmiş. Ona görə də məhəbbətlə bağlı epizodlar çox güclü alınıb. Nəhayət, Nərgiz də evlənir, uşaqları dünyaya gəlir. Ailə vəziyyəti ilə əlaqədar bir müddət kino çəkilişindən ayrı düşür. Ancaq sonradan yenə də kino sənətinə qayıdır və başqa kino şirkətlərində çalışmağa başlayır.

***

Mən Rac Kapurun çəkdiyi filmlər haqqında bir həvəskar kimi silsilə yazılar yazmış, onları çap etdirmiş və yenə də öz işimi davam etdirirəm. Məqsədim bu dahi sənətkarı gənc nəslimizlə tanış etməkdir. Yaşlı nəsil bu kino korifeylərini yaxşı tanıyırlar. İndiki gənc nəsil isə, mənə elə gəlir ki, Rac Kapur və digər keçmiş hind aktyorlarını çətin ki, tanısınlar. Çünki bu, onların maraq dairəsində deyil. Mənim yazılarım isə oxucularımı ancaq maarifləndirmək xarakteri daşıyır.

Rac Kapur çox alicənab adam olmuşdur. Xoş sifətli, mavi gözlü, zarafatcıl, həmişə səliqəli geyinən aktyor bütün həyatını kino sahəsinə həsr etmişdir. O, öz filmlərində saf məhəbbəti həmişə tərənnüm etmiş, kasıb insanlara qayğı göstərib, istedadlara kömək əlini uzatmış, eyni zamanda ailə üzvlərindən də istedadlıları öz filmlərinə gətirib, onların uğurlarına sevinmiş, uğursuzluqlarına kədərlənmişdir.

Əfsanəvi “Avara” filmindən sonra Rac Kapurun 1955-ci ildə çəkdiyi “Cənab 420” filmi də dahi sənətkarın bəşəriyyətə qiymətli töhfəsi idi. Belə filmlər öz-özünə yaranmır. Əməksevərlik, gecəni-gündüzə qatmaq, rolun öhdəsindən gəlmək bacarığı, diqqətli və həssas olmaq, kino sənətinin sirlərinə bələd olmaq, sünilikdən qaçmaq, reallığı gözləmək, tərəf-müqabillərini qiymətləndirmək Rac Kapurun ən başlıca xarakterik xüsusiyyətlərindən idi.

Biz Racın digər çəkildiyi filmləri haqqında niyə danışmırıq? Yəqin ki, oxucular və tamaşaçılar mənimlə birmənalı olaraq razılaşarlar ki, Rac Kapurun “Avara”, “Cənab 420” və “Sanqam” filmləri dünya tamaşaçıları tərəfindən layiqli dəyərləndirilib. Lakin onun baş rolda oynadığı digər filmləri nədənsə yuxarıda adlarını çəkdiyim filmlərin yerini verə bilmir. Əlbəttə, bu, mənim şəxsi fikrimdir. Bununla belə, mən dahi Rac Kapurun filmlərinin dəyərini və qiymətini azaltmaq fikrində deyiləm.

Sovet dönəmində xarici filmləri almaq üçün onun ideyasına, tamaşaçılara aşılanan fikirlərə diqqət yetirilər, guya burjua əxlaqının gənclərimizin tərbiyəsinə mənfi təsir edəcəyini və zərər verəcəyini nəzərə alıb xüsusi senzura vasitəsilə filmə qiymət verilərdi, beləliklə də, sovet senzurasının süzgəc maşınından keçə bilməyən filmlərin çoxu qəbul edilməzdi. O cümlədən, bu qəbildən olan bəzi hind filmləri də sovet alıcıları tərəfindən alınmazdı. Odur ki, əksər hind filmləri bizdə yoxdur. Sosial şəbəkələrdə isə bu filmlər ya hind dilində , ya da ingilis dilində saytlarda yerləşdirilib.

Baxmayaraq ki, “Anari”, “Barsat”, “Jaste Rano”, “Mənim adım Kulondur”, “Abdulla”,, “Mera Naam Joker” və başqa filmlər Rac Kapur və Nərgizlə tərəf-müqabil olaraq çəkilmişdi, lakin bu filmlər bəşəri ideyalardan uzaq idilər, odur ki, onlar dünyəvi filmlər səviyyəsinə qalxa bilmədilər.

Müğənni Mukeş Rac Kapurun ən çox sevdiyi və hörmət bəslədiyi sənətkarlardan biri olub. Onun səsindəki məlahət, gözəllik bütün iştirak etdiyi filmlərdə ona yalnız uğur qazandırıb. Rac Kapur da özünün uğurlarında Mukeşin səsinin böyük əhəmiyyət daşıdığını xüsusi qeyd edib. Bu müğənni Lata Mangeskarla birlikdə “Sanqam” filmində də Rac Kapurun, həm də gözəl aktrisa və rəqqas Vyjayanthimalanın tərəf müqabilidir.

***

“Cənab 420” filmində Racın həyatında əsaslı dönüş onun kübar qadın, kazinonun rəqqası Maya ilə görüşündən sonra başlanır. Camaşırxana xidmətinin geyimlərini Mayaya gətirən Rac stolun üstündəki kartlarla oynayarkən təsadüfən Racın kart oynamaq istedadını müşahidə edir və onu toruna salır, bütün hadisələr də elə buradan başlayır. Maya yeni həyata onun gözlərini geniş açır. Rac üzündəki maskanı dəyişməli olur. O, Rac Kumar Piplina Qar adı ilə (bankir adı ilə) məşhurlaşır, kart oyununda öz nadir istedadını göstərir və xeyli pul qazanır. Hətta məşhur milyonçu Sonaçan Xarmalan ilə də nağd pulla oynamalı olur və ondan küllü miqdarda pul qoparır. Maya bu pulların müqabilində ona ancaq çay pulu verir. Rac bu ədalətsizliyi mərdliklə qarşılayır və oranı tərk edir. O, həmişə Mayanın acıqlı, təhqiramiz sözlərini yadına salır və məyus olur. Ancaq hiyləgər Sanaçan Xarmalan Racın işlədiyi camaşırxanaya gəlir, hər şeyin yalan olduğunu gözləri ilə görür və Racın istedadı olub, lakin öz qiymətini bilmədiyini ona başa salır, ona xeyli avans pul verib gələcəkdə görəcəyi işə şirnikləndirir. Racın sanki gözləri açılır. Az sonra o pullulaşır.

***

Bəs Rac “yeni həyata” qədər Rita ilə necə tanış olmuşdu, necə onunla dostluq etməyə başlamışdı və nə üçün bu kasıb geyimli oğlanı görəndə o, özündən asılı olmayaraq qəribə hisslər keçirirdi?

Filmdə kütləvi səhnələrə də yer verilmişdir. Ritanın həyət şəraitində məhəllənin kasıb uşaqlarına dərs deməsi, mahnı ilə izahat verməsi, Racın onun dərsinə müdaxilə etməsi kadrları filmin ən gözəl görüntüləridir.

RITA: -Sizə kim icazə verib uşaqları buraxdınız?!

RAC: -Heç bir pis hərəkət etməmişəm. Qoy uşaqlar bir qədər oynasınlar.

RİTA: -Qoy oynasınlar? İstəyirsiniz onlar da sizin kimi avara və işsiz qalsınlar?

RAC: -İşsiz və avara. Siz bunu çox doğru dediniz. Mən ali təhsilli olsam da, vağzalda yükləri daşımağa qadirəm. Nə edim ki, bu işi tapmaq da mümkün deyil. Mən bakalavr olmaq üçün imtahan da vermişəm.

RİTA: -Bakalavra bax, yalan deyirsən?! Sən bir üst-başına bax, gör nəyə oxşayırsan? Məgər belə görünüşlə çölə çıxarlar?

RAC: -Mənim xarici görünüşüm sizi çaşdırmasın. Əgər mən yaxşı kostyum geyinib, gözəl avtomobillə bura gəlsəydim, siz yəqin ki, məni avara və sərgərdan adlandırmazdınız. Burada sizin heç günahınız yoxdur.

RİTA: -Biz də varlı deyilik. Burada ancaq kasıblar yaşayır.

RAC: -Bax, bu, çox dəhşətlidir. Bu mahalda kasıblar da bir-birini tanımır və bir-birlərinə hörmət etmirlər. Siz mənim yırtıq başmaqlarıma baxıb mənim necə təhsil almağıma inanmırsınız. Ona görə də mən sizə öz diplmumu göstərmək istəyirəm. Baxın...Baxın...

RİTA: -Bağışlayın. Mən sizi yaxşı başa düşmədim. Mənə bir şey aydın deyil, siz niyə belə görkəmdəsiniz? Niyə özünüzü təlxək kimi aparırsınız?

RAC: (qəh-qəhə çəkir) –Niyə, xanım? Bu dünyanı yaxşı görmək üçün gərək ayaqlar göydə olsun. Bu dünyanı yaxşı görmək üçün gərək üzündəki maskanı dəyişib başqası ilə əvəz edəsən. Sözün düzü, üzümdəki təlxək maskası mənə çox sərfəlidir. Bir maskada gülüş, digərində isə qəm, kədər və göz yaşları var (gedir).

RİTA: -Dayan! Bəlkə mən sizə nədə isə kömək edə bilərəm?

RAC: -Çox sağ olun. Mənə nə vaxt kömək lazım olsa, bura özüm gələrəm. Mənim burda işim var və mən bu şəhərdə özümə layiqli yer tapacağam.

RİTA: -Necə tapacaqsınız?

RAC: -Görəcəksiniz. Mən hansı yolla olursa-olsun mütləq məqsədimə çatacağam. O zaman mənim təzə kostyumumun cibində çoxlu pulum olacaq və mən çox məşhur adam olacağam. Adamlar məni daha bu şəhərdən qovmayacaq, əksinə, mənə hörmət bəsləyəcəklər.

Beləliklə, Rac “dələduzluq”la işə başlayır. Kasıblardan pul yığaraq guya onlara yaşamaq üçün evlər tikdirəcəyinə təminat verir. Yoxsul kütlə ona inanır. Lakin Sanaçan Xarmalan və onun əlaltıları yoxsulların pullarını dələduzluq yolu ilə mənimsəməyə çalışırlar. Ancaq Rac ayıqdır. O, nə etdiyini bilir.

Rac başa düşür ki, bu qədər pulu tək mənimsəyə də bilər. Heç kim də onun yolunu kəsə bilməz. Ancaq vicdanı, insanlara məhəbbət hissləri, Ritaya olan sevgisi onun qəlbində xoş duyğular yaradır və o, dələduzlara qalib gəlir, pulları kasıbların öhdəsinə buraxır.

Rac kasıb günlərini yadına salır: Bir dəfə pulsuz-parasız Rac Rita ilə görüşüb küçədə olan qoca çayçının yanında çay içərkən gənc qıza deyir ki, əgər bir gənc oğlanın işlədiyi camaşırxanada aylıq əmək haqqı 45 rupidirsə və o, evlənirsə, uşaqları olursa, o, öz ailəsini həmin pulla dolandıra bilərmi?

Rita isə onu gözəl başa düşür və deyir ki, ikisi də işləsələr ailəni bir təhər dolandıra bilərlər. Romantik planda verilmiş, yağışın yağması və göy gurultasunun ətrafı lərzəyə gətirməsi fonunda sərgilənən bu görüntülər hər iki gəncin bir-birinə olan saf məhəbbətlərindən xəbər verir. Onların bu romantik sevgilərini kadrarxası ölməz müğənnilər Lata Mangeskar ilə Mukeş müşaiyət edirlər. Gözəl mənzərə və gözəl səslər! Budur hind filmlərində musiqini sevdirən cəhətlər.

Siz elə bilirsiniz ki, indiki müasir hind filmlərində bu ənənələr gözlənilir? Qətiyyən yox! Çünki indiki müasir hind filmləri sadəlikdən çox-çox uzaqdır. Hər bir film necə gəldi çəkilir, həm də kəmiyyət baxımından istehsal olunur.

Rac Kapur “Avara” filmini çəkərkən həm maddi baxımdan, həm də güzəran baxımından çox sıxıntılar çəkmişdir. Xeyli müddət filmin çəkilişi dayanıb, sonradan atası Pritvirac Kapur ( “Avara” filmindəki cənab Raqunat rolunun ifaçısı həyatda Rac Kapurun doğma atasıdır) vəsait taparaq filmi başa çatdırılıb.

“Cənab 420” filmində kasıblar yaşamaq üçün özlərinə ev tapa bilməsələr də, onları sevgi, bir-birlərinə qarşılıqlı hörmət hissləri, bərabərlik birləşdirir. Burada onların hamısının dərdi birdir: işsizlik, evsizlik, pulsuzluq. Ancaq filmin sonunda şərəf, ləyaqət, ucalıq, birlik bütün çirkinliklər üzərində zəfər çalır. Rac öz süni maskasını üzündən çıxarır və biz onu yenə də əvvəlki kasıb qiyafəsində görərkən onun nə qədər uca bir zirvəyə qalxdığını sürəkli alqışlarla qarşılayırıq. Budur, “Cənab 420” filminin qayəsi və ideyası!

Ölməz sənətkar, hind filmlərinin Kralı Rac Kapur 2 iyun 1988-ci ildə vəfat edib. O, Hindistanın ən ali mükafatlarına layiq görülüb. Azərbaycan tamaşaçıları həmişə onun filmlərinə sevə-sevə baxmış, bu gün də sosial şəbəkələrdə baxır və dahi aktyoru hörmətlə xatırlayırlar.

Rac Kapur təkrarolunmaz, dahi sənətkardır. Biz azərbaycanlılar onu sevə-sevə yad edirik.

Səyavuş SÜLEYMANLI

Yazıçı-publisist, AYB və AJB-nin üzvü