Çağdaş ədəbi mühitimizdə seçilən və əsərləri məhəbbətlə oxunan yazıçı Əlibala Hacızadə çoxsaylı nümunələri ilə milli ədəbiyyatımıza orijinal mövzuda bir-birindən fərqli bir irs bəxş edib. Onun bu ədəbi nümunələri böyük səs-küyə yaradaraq demək olar ki, Əlibala Hacızadə imzasının çox böyük sürətlə tanınmasına səbəb olub. Bu gün Əlibala Hacızadənin anadan olmasının 85-ci ildönümü tamam olur. SİA-nın məlumatına görə, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli ədib, sevgi romanlarının təkrarsız müəllifi Əlibala Hacızadə haqqında virtual kitab sərgisi və videoçarx tərtib edib. Virtual sərgidə nasirin xatirələri, yaradıcılığı haqqında ətraflı məlumat verilib. Sərgidə Əlibala Hacızadənin çoxlu şeirlərinin olması, lakin buna rəğmən özünü heç bir zaman şair hesab etməməsi faktı vurğulanır. Bu insan sadəcə olaraq içindəki lirik duyğuları, şairanə hissləri boğa bilmədiyindən onları romanlarında, ya da ayrıca parçalar halında şeirə çeviririb. Belə şeirlərindən biri virtual kitab sərgisində də yer alıb. Sərgidə yazıçının əsərləri, redaktoru olduğu kitablar, Xalq şairi Bəxtiyar Vahabzadənin Əlibala Hacızadə haqqında söylədiyi dəyərli fikirlər təqdim olunub.
Əlibala Hacızadəyə həsr olunmuş videoçarxda da ədibin həyatı, eləcə də “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası, “Təyyarə kölgəsi, “Vəfalım mənim”, “Dünyanı tanı” və s. romanları ilə məşhurlaşan nasirin yaradıcılığı haqqında geniş məlumat verilib. Videoçarxda, həmçinin ilk Azərbaycan seriallarından biri olan “İtkin gəlin” filmindən kadrlar əsasında əsər barədə söhbət açılıb.
Sözügedən materialları izləmək arzusunda olan izləyicilər https://www.instagram.com/p/CEXGMBShGc5/
https://www.instagram.com/p/CEXIau2BhAp/linklarından yararlana bilərlər.