Xalq rəssamı Natiq Əliyevə həsr edilmiş “Daşın içindəki həyat” sənədli filmi nümayiş olunacaq

28 Avqust 2020 15:51 (UTC+04:00)

Avqustun 28-i saat 21:45-də “Mədəniyyət” kanalında tanınmış heykəltəraş, Xalq rəssamı Natiq Əliyevə həsr olunmuş “Daşın içindəki həyat” sənədli filmi nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, AzTV-nin Bədii və sənədli filmlər studiyasında istehsal olunan ekran əsəri, “Şöhrət” ordenli heykəltəraş, professor Natiq Əliyevin həyat və yaradıcılığına həsr olunub.

Filmdə, müəllifi Natiq Əliyev olan və dünyanın bir çox ölkələrində ucaldılmış monumental əsərlərdən bəhs olunur. Həmçinin ekran əsərində heykəltəraşın uşaqlıq illərindən başlayaraq, orta və ali təhsil dövrlərini əhatə edən həyat yolu işıqlandırılır və sənət və sənətkarlıq haqqında düşüncələri yer alır.

Sənədli filmin çəkilməsində əsas məqsəd Azərbaycanın incəsənət tarixində öz yerini tutmuş dünyaşöhrətli heykəltəraş Natiq Əliyevi tamaşaçıya daha yaxından tanıtmaq, xüsusən də gənc heykəltəraşlara nümunə kimi təqdim etməkdir.

Filmin ssenari müəllifi Cavi Dan, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur.