"Pandemiya dövründə aparılan siyasət iqtisadiyyatda böyük böhranın baş verməsinə imkan vermədi, bununla da, pandemiyadan sonra istənilən fövqəladə vəziyyətə qarşı dözümlü olacaq iqtisadi sahələrin inkişafına böyük diqqət yetiriləcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü olan deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyası bəşər tarixində bütün dünyanı bürüyən ilk ağır problemdir, bu problem ilə hər bir dövlət özünün resursları və hazırlığı hesabına mübarizə aparır: "Azərbaycan bu gün pandemiyaya qarşı uğurla mübarizə aparan ölkələr sırasındadır. Hesab edirəm ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda sosial obyektlərin tikintisi, infrostrukturun və səhiyyə sisteminin yaxşılaşdırılması ilə bağlı atılan addımlar olmasa idi, bu gün biz də ağır vəziyyətdə ola bilərdik. Məhz, aparılan siyasətin nəticəsidir ki, bu gün koronavirusa yoluxmaların qarşısını almaq olur, xəstələr dövlət hesabına müalicə olunur, ən əsası isə profilaktik tədbirlər pandemiyanın yayılmasının qarşısını alır. Hazırda, nəticələr normaldır".
Millət vəkili bildirib ki, dövlətimiz Azərbaycanda virusun tamamilə yox olmasına çalışır və buna mütləq nail olacaq: "Gündəlik yoluxma sayının aşağı düşməsi virusla mübarizənin səmərəli aparıldığını göstərir. Bütün dünya COVID-19 pandemiyasından tamamilə xilas olmaq çalışır. Nəticədə isə hər bir şəxs yoluxucu xəstəliklərlə mübarizədə təkcə dövlətin yox, özünün də bu istiqamətdə fəaliyyətinin səmərəli olduğu qənaətinə gələcək. Digər tərəfdən Azərbaycanda səhiyyə sisteminin daha inkişaf etdirilməsi üçün daha böyük addımlar atılacaq. Bu illərlə Azərbaycanda tamamilə tibbi sığorta sisteminə keçid nəzərdə tutulmuşdu. Lakin, pandemiya bunu ləngitti. Növbəti dövrdə tibbi sığortaya keçid davam edəcək və daha yaxşı nəticələr əldə ediləcək".
Aydın Mirzəzadə əlavə edib ki, aparılan siyasət iqtisadiyyatda da böyük böhranın baş verməsinə imkan vermədi, bununla da pandemiyadan sonra istənilən fövqəladə vəziyyətə qarşı dözümlü olacaq iqtisadi sahələrin inkişafına böyük diqqət yetiriləcək: "Pandemiya dövründə Azərbaycanın qazandığı ən böyük nailiyyətlərdən biri də insanların sosial vəziyyətinin pisləşməsinin qarşısını almaq idi. İş yerlərini itirən insanlara dövlət tərəfindən maddi yardımın, sahibkarlara iqtisadi dəstəyin göstərilməsi də bu qəlibdən olan məsələlərdən hesab edilə bilər. Pandemiyadan sonra, əlbəttə ki, dövlət iqtisadiyyatın güclənməsi, insanların sosial vəziyyətinin yaxşılaşdırılması, iqtisadi fəallığın artması məsələlərinə daha böyük diqqət yetirəcək. Pandemiya ilə mübarizə onu göstərdi ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən dövlətçilik fəlsəfəsinin düzgün seçilməsi və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan xalqının milli maraqlarına cavab verir. Azərbaycan dövləti bu gün hər bir vətəndaşın maraqlarının qorunmasında böyük işlər görür. Hər bir vətəndaş bu günü və sabahı üçün öz dövlətinə arxalanmışdır".