Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib. Hazırda Azərbaycan yoluxanların və vəfat edən çəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Azər Badamov bunları deyib
Millət vəkili bildirib ki, COVİD-19 infeksiyası ilə mübarizədə qazandığımız uğurlarda vətəndaşların rolu çox böyükdür: "Çünki infeksiyanın daşıyıcısı və yayıcısı insandır. Əgər insanlar müəyyən olunmuş qaydalarla yaşamağına davam edərsə koronavirusun ölkədə yayılmasını minimuda saxlaya bilərik. Onu da qeyd edim ki, insanlar artıq yeni qaydalara uyğun yaşamasına adaptasiya olur. İctimai nəqliyyatda və qapalı ictimai məkanlarda demək olar ki, hamı tibbi maskadan istifadə edir. Bunu insanlarda sosial məsuliyyət hissinin artması kimi qeyd edə bilərəm. Qaydalara riayət olunmasına nəzarət də güclənmişdir. Müvafiq qurumların əməkdaşları nəzarəti gücləndirmişdir. Bir daha qeyd etmək istəyirəm ki, hamı özünü məsuliyyətli aparsa koronavirusla mübarizəmiz sona qədər uğurlu olacaqdır”.