“Yaşayan tarix” layihəsinin təqdimatı keçirilib

7 May 2011 06:20 (UTC+04:00)
Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsu, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Dünya Müharibəsində faşizmə qarşı mübarizə aparan azərbaycanlılarla bağlı "Yaşayan tarix" layihəsinin təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd olunan layihənin gənclər tərəfindən təşkil olunmasını uğurlu adlandırıb. O, qeyd edib ki, gənclər tərəfindən tarixin yaşadılması və öyrənilməsi əlamətdar haldır. Onun sözlərinə görə, bu filmlərdən gənc nəsl hərbi-vətənpərvərlik ruhda tərbiyəsi sahəsində əyani vəsait kimi istifadə edə bilər. Daha sonra "Yaşayan tarix" filmi nümayiş olunub.
Peşəkar çəkiliş qrupu ilə yanaşı, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin də iştirak etdiyi filmdə II Dünya müharibəsində azərbaycanlı döyüşçülərin faşizm üzərində qələbənin əldə olunmasında göstərdikləri qəhrəmanlıqları haqda xatirələrini onların öz dillərindən lentə alınıb. Çəkilişlər Naxçıvan Muxtar Respublikası daxil olmaqla respublikamızın əksər rayon və şəhərlərində aparılıb.