Ziyalı susursa, ziyası yoxdur demək

26 Avqust 2020 11:10 (UTC+04:00)

və ya “Hanı millət üçün sərəncamın?..”

Rəhmətlik Şükür kişinin kəlamlarındandır: “İtirdiyin hər şeyi təzədən tapa bilərsən. Amma adını, sanını, qeyrətini itirsən, onu təzədən bir ömür boyu tapa bilməzsən!”. Təzə oxucularımıza bildirim ki, Şükür kişi köhnə kişilərdən olub, sadə peşə adamıydı, su cuvarı kimi pambıq, taxıl suvarıb, halal zəhmətlə doqquz övlad böyütmüşdü. Təhsili olmasa da, həyatdan o qədər öyrənmişdi ki, çox təhsillilər onunla üz-üzə gələndə ehtiyatlanardılar.

Elə bu dediyini bir dəfə də bir az başqa formada çatdırdı bizə. Əlindəki beli yerə qoyub, su arxından azca palçıq götürüb belin sapına sürtdü. Sonra su ilə yudu, təmizlədi. İzah elədi ki, hara, nə boyda olur-olsun, ləkə düşərsə, onu yuyub-təmizləyə bilirsən, amma adına ləkə düşdüsə,ömrünün axırına kimi o ləkə sənlə olacaq. Çalışın adınıza ləkə düşməsin. Beləcə, özünün sadə izahları ilə bizi həyata hazırlayardı rəhmətlik.

Oturub çox düşünürəm ki, əcəba millətin bu qədər akademiki, professoru, şairi, yazıçısı var. Dövlət ziyalılar üçün bir ev tikəndə on minlərlə ortaya çıxıb, döşünə döyüb “mən də ziyalıyam” deyənlər görmüşük. Bəs nədən bu qədər ziyalı oturub düşünüb, daşınıb, rəhmətlik Şükür kişi kimi qanmayanları qandırmaq üçün bir cəhd göstərmirlər? Üstəgəl, Şükür kişi bütün təbliğatını, öyüd-nəsihətini təmənnasız, yəni pulsuz-parasız edərdi. Axı özünü ziyalı adlandıranlarımızın əksəriyyəti dövlətdən nə qədər pul alırlar! Dillənəndə Şükür kişi kimilərə də yuxarıdan aşağı baxırlar. Seyid Əzim Şirvaninin müctehidlərə üz tutub dediyi iki misra yadıma düşdü: ”Hanı millət üçün sərəncamın? Yerə girsin o müctəhid namın!” Bu qədər ziyalısı olan bir məmləkətdə irəli durub əllilik əlilərə, cəm əyən cəmillərə, sevincsiz sevinclərə, millətə qənim qənimətlərə...daha bilmirəm kimlərə... bir kəlmə söz deməyə cəsarəti çatanların sayı barmaq sayından çox deyilsə, bunun adı nədir görəsən? Bu yaxınlarda telekanalların birində “Abır, həya, yoxsa mütilik?” barədə tok-şouda ekspert qismində iştrak edirdim. Mövzunu, hər zaman olduğu kimi, yenə şoulaşdırmaq, başqa istiqamətə yönləndirmək cəhdləri olsa da, hesab edirəm ki, müzakirə faydalı oldu və lazımi nəticəyə gəlindi.

Nəticə o idi ki, əgər abır, həya, ismət qoruyuram deyib, dövlətə, milli dəyərlərə, ümumxalq mənafelərinə zərərli fəaliyyətdə bulunan birinin iyrənc vasitələrə əl atdığını görüb susursansa, o zaman sən ziyalı deyilsən. Əsl ziyalı, özünə, əməlinə, yaşadığı sağlam omurə əmin olan kimsə, kiminsə ona atacağı şər-böhtan dolu çirkar sözlərdən çəkinməməlidir. Təkcə qalaq-qalaq kitablar yazmaq, elmi əsərlər yazıb elmi titullara yiyələnmk ziyalılıq üçün kifayət hesab edilməməlidir.

Gerçək ziyalı millətinin, xalqının mənafeyinə toxunan hər bir faktın üstünə getməli, insanları öz ziyası ilə işıqlı yola istiqamətləndirməlidir. Bütün XX əsr boyu Azərbaycan ziyalılarının cəmiyyətin və xalqın həyatında bir ordunun görə bilmədiyi nailiyyətlərin əsl təbliğatçıları, təşkilatçıları olması danılmaz faktdır. Ziyalılqda da cılızlaşma xəstəliyi kükrəyibmi görəsən?

Bu günlərdə REAL TV-də bir film nümayiş etdirilirdi. Mirşahinin müəllifi olduğu “Xainlər” filmi əsl vətəndaşlıq mövqeyi ilə çəkilmiş film kimi çox əhəmiyyətli idi. Həmin filmdə cənub bölgəsindən olan, talış xalqının ağsaqqal bir nümayəndəsi belə bir ifadə işlətdi.: “O cür adamların (Yəni filmdə haqlarında danışılan xainlərin – T,N,) özləri bir heçdir. Amma fışdırığa yüyürən adamlar var ki, elələrinin toruna tez düşür.” Məncə çox yerində deyilmiş kəlamdı. Bu gün fışdırığa yüyürənləri gerşək istiqamətə yönləndirmək üçün əsl ziyalı sözünə ehtiyac olduğu bir zamanda susan ziyalıları ziyalı hesab etmək doğru deyil. Bu xalqa, bu dövlətə açıq-aşkar qənim kəsilənlərin gurultulu hay-küylərinə biganəlik, bütün bunları seyr edib susqunluq nümayiş etdirmək o deməkdir ki,ya sən dünyanın gedişindən baş çıxara bilmirsən, ya da özünün gülü üzülməkdənsə haqqın tapdanmasını daha doğru sayırsan. Hər iki hal ziyalılığın olmamasından qaynaqlanır.

Və sonda millətimizin ziyalı zümrəsini indiki qaynar bir zamanda susmamağa, qəti mövqe ortaya qoymağa dəvət edirəm. Tanrı millətimizi və dövlətimizi qorusun!

Təhmasib Novruzov