Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi "Şəhidlərimizi tanıyaq və tanıdaq" layihəsinə başlayıb. Baş İdarədən SİA-ya bildirilib ki, layihənin reallaşdırılmasında məqsəd Vətən torpağı uğrunda canını fəda etmiş şəhidləri daha geniş auditoriyaya tanıtmaqdan ibarətdir.
“Şəhidləri tanıyaq, tanıdaq” layihəsinin ilk təqdimatı Xətai rayon MKS-in əməkdaşı Sevinc Kazımovanın qardaşı şəhid
Mehman Salman oğlu Quliyevə həsr edilib.
Bildirilib ki, Mehman Quliyev Ağdamın Keştazlı kəndində anadan olub. Söyüdlüqol orta məktəbini bitirərək yol salmaq, körpü tikmək, mühəndis olmaq arzusu ilə İnşaat Mühəndisləri İnstitutuna hazırlaşsa da, arzusu yarımçıq qalıb. Mehman "N" hərbi hissəsinin beşinci taborunda xidmət edib. Döyüş təlimini başa vuraraq qaynar nöqtələrə yollanıb. Şelli, Mərzili, Gülablı, Abdal, Novruzlu döyüşlərində igidliklə vuruşub. 1993-cü il avqustun 15-də Ağdamın Qaradağlı kəndi uğrunda gedən qanlı döyüşdə qəhrəmanlıqla şəhid olub. Bərdə rayonu Koroğlu kənd Şəhidlər xiyabanında dəfn edilib.
Layihə çərçivəsində davamlı olaraq şəhidlərimizin döyüş yolu haqqında oxuculara geniş məlumat veriləcək.
