Prezident İlham Əliyev: “Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur”
“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda çıxışı zamanı deyib.
Videoformatda baş tutan qəbulda dövlət başçısı hər zaman olduğu kimi, gənc kadrlara məsləhət və tövsiyələrini, ciddi tapşırıqlarını verməklə yanaşı, xəbərdarlığını da edib: "Əgər yeni təyin olunan icra başçıları Prezidentin verdiyi tapşırıqları icra edə bilməsələr, cəzalanacaqlar. Ona görə də icra başçıları onlara göstərilən etimadı öz işləri ilə doğrultmalıdırlar. Siz də öz işinizdə insanlara arxalanmalısınız və rayonlarda ictimai nəzarət mexanizmi təkmil olmalıdır. O, sizə də öz işinizdə kömək göstərəcək. Sizin diqqətinizdə olmayan bəzi məsələlər ictimaiyyət tərəfindən sizin diqqətinizə çatdırılacaq və beləliklə, bu məsələlər öz həllini tapacaq»-deyən dövlət başçısı bildirib ki, Azərbaycanda bu məsələlərlə dözümlülük sıfır dərəcəsindədir: “Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir”.
Vətəndaşı narahat edən problemlər həll edilməlidir
Prezident yeni təyin olunmuş məmurlara rəhbərlik edəcəkləri rayonlarda bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmalı olduqlarını, korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökünün kəsilməsi üçün ciddi çalışmalarının vacibliyini vurğuladı: "İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır. Əgər hansısa problem rayon səviyyəsində öz həllini tapa bilmirsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti nazirliklərə müraciət etməlisiniz. Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik".
Dövlət başçısı həmçinin pandemiya dövründə ölkənin sosial-iqtisadi durumu, həyata keçirilən regional proqramlardan danışaraq vurğuladı ki, indiki şəraitdə ölkəmizin uğurlu inkişafı, ilk növbədə, qeyri-neft sektorunun hesabına təmin ediləcək. Dövlət başçısı onu da bildirdi ki, bütün bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib və ardıcıllıqla icra olunur: "Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi".
Sahibkarlara təzyiqlər aradan qaldırılmalıdır
Ölkə Prezidenti hazırkı durumda sahibkarlığın inkişafının daha böyük əhəmiyyət daşıdığını diqqətə çatdıraraq vurğuladı ki, bu gün Azərbaycanda çox böyük sahibkarlıq sinfi formalaşıb və sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə bağlıdır: “Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə".
"Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübdür. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır, ümumi avrozona məkanında təqribən 15 faizə yaxındır. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması hesab edirəm ki, bizim böyük nailiyyət kimi qiymətləndirilməlidir",- deyən dövlət başçısı öildiridi ki, Azərbaycanda artıq formalaşmış sahibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və icra başçıları da sahibkarlara dəstək olmalıdır.
Prezident İlham Əliyev bəzi rayonlarda sahibkarların incidildiyini, yerli icra orqanları tərəfindən rüşvət tələb olunduğunu bildirib: “Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onların qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilməməlidir. O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə ki, o sahibkarlara mənim münasibətim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır”.
“Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər»,- deyən dövlət başçısı kölgə iqtisadiyyatına yol verənlər məsuliyyətə cəlb edilməlidir: "Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa, bu sahibkarlar məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər”.
“Bir çox dövlət məmurları hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib”
“Siz öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz”,- deyən dövlət başçısı bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini ağa kimm, xan kimi aparırlar: “Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar”. Dövlət başçısı belə məmurların özünü xalqdan yuxarıda hiss etmələri xalq tərəfində ciddi narahatlıq doğurur və nəticədə belələri cəzalandırılır: “Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasətimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır”.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə yeni təyin etdiyi İcra Hakimiyyəti başçılarını qəbul edərək onlara doğru istiqamət verdi və yeni kadrların fonunda digər məmurlara da sərt xəbərdarlığını etdi.
Ümumiyyətlə, hər kəs son aylar ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndiyinə şahidlik edir. Bəzi rayonların icra hakimiyyəti başçılarının və ayrı-ayrı nazirliklərin struktur rəhbərlərinin işdən azad edilərək həbs olunmaları bir daha təsdiq edir ki, cənab İlham Əliyevin tapşırığına əsasən, korrupsiyaya qarşı amansız mübarizə başlayıb. Prezident isə bu istiqamətdə tədbirlərin daha da sürətləndiriləcəyini bəyan etdi.
RƏFİQƏ KAMALQIZI