Bizim “nehrə”, “bizim yağ”... (Yarısiyasi alleqoriya)

24 Avqust 2020 16:31 (UTC+04:00)

Təhmasib Novruzov

Böyük şairimiz Mirzə Ələkbər Sabir deyib bunu: “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq oluir!”. Az qalıb otuz il olsun ki, boyunduruğu boynumuzdan atıb müstəqil olmuşuq. Tariximizə də, bu günümüzə də, sabahımıza da müstəqil bir dövlət kimi sahib çıxmışıq. Amma otuz ildi bizi çalxayırlar. Kimlər, niyə, hansı məqsədlə çalxayır, bunu da hamımız gözəl bilirik.

Amma bilmədiklərimiz də var və ha baş sındırırıq ki, bunları da bilək, bilə bilmirik ki, bilmirik. Söz yox, bizim “nehrə”miz bəzi “nehrə”lərə baxanda xeyli balacadı, içindəkini də yağla, ayranla birlikdə bölüblər dörd-beş yerə. İndi hərə bir tərəfdə özündən bir süni “nehrə” düzəldib, guya dədəsinin malıymış kimi yağını yeyib, ayranını içib, bığlarını da burub gərnəşir. Yüz illərlə əzab-əziyyətə qatlaşıb “nehrə”mizin balaca bir hissəsin özümüzünküləşdirdik ki, onun da yağını, ayranını özümüz dadaq, yenə qoymurlar ki, dinməz-söyləməz qidamızı yeyib rahat yaşayaq.

Böyük şairimizin sözün boşuna xatırlatmadım oxuculara. Nehrə elə bir “istehsal dəzgahı”dır ki, bütün dəzgahlar kimi, gərəkdir o da bir müddət çalxalandıqdan sonra bir az dincələ, içinin məhsulu yığıla, sonra yuyulub təmizlənə ki, yenə süddən-qatıqdan töküb çalxayasan. Bizim “nehrə”ni isə bir saat da olsun qoymurlar təmizlənə,yenilənə. Elə bil acgöz dünyanın qarnı doysa da gözü doymayan qoluzorluları bu “nehrə”ni çalxamaqdan zövq alırlar. Insafən deməliyik ki, bizim “nehrə”nin məhsulu çox dadlıdı, yağı da, ayranı da çox keyfiyyətlidi. Amma biz bu keyfiyyətli məhsulu təkcə özümüz yemirik axı, kəmərlər çəkib, yollar salıb dadlı məhsulumuzu dünyanın dörd bir yanına paylaşırıq. Yəni simic deyilik, xəsis deyilik, əliqapalı deyilik. “Nehrə”mizin lap dərinliyində olan ən qiymətli yağımızı da çıxarıb bölüşürük. Əcaba, bəs bu dünyanın “nehrəçi”ləri nə istəyirlər bizdən? Niyə imkan vermirlər ki,” nehrə”mizi sakitcə özümüz istədiyimiz kimi çalxayaq, istədiyimiz kimi də yağını yağ kimi, ayranını da ayran kimi bölüşək? Bu sual məni illərdir narahat edirdi. Gecə-gündüz düşünürdüm ki, nədən axı bizim “nehrə”yə bu qədər gözlər dikilib? Axır ki, düşünüb-daşınıb bu sualın cavabını tapdım. Deyim, siz də bilin. Bizi çalxayanlar “nehrə”mizin öz sahiblərinin içindən çıxıb milyonlar xatirinə dünyada özünə “ağa” axtaranların hesabına bu qədər amansızdılar.

Əlisi deyir mən baş “nehrə”çi olum, yağın hamısın yığım verim sizə, biz ayranla da dolanarıq. Əlinin züytutanları quqquldayırlar ki, ay zor sahibləri, bizim “nehrə”nin yağının heç on faizini də indiki sahibi sizə göstərmir, bu “nehrə”ni al ver bizə, gör nə qədər yağ çıxacaq üzə! Cim-cimə Cəmil də elmi-flanı atıb, gedib oturub həmin o “nehrə”mizi çalxayanların qucağında ki, Əlinin payından ona düşsün. Beş-altı xoruzu da salıblar dünyanın canına. Biri London meşəsindən banlayır, o biri Paris, bir başqası alman meşəsindən, eləsi də var ki, ərinməz-ərinməz okeanları üzə-üzə gedib çıxıb dünyanın o başındakı meşəyə və gecə-gündüz ordan banlayır. Üzr istəyirəm, okeanın o tayına gedib çıxan fərədi, odur ki, o banlamır, cukkuldayır...

Xülasə, istəyirlər banlasınlar, istəyirlər cuqquldasınlar, lap istəyirlər hürsünlər, ulasınlar, bunlar məni qətiyyən maraqlandırmır. Məni yenə maraqlandıran orasıdır ki, milyonları töküb bunları banladanların, cuqquldadanların, hürdürənlərin, uladanların hansı istədiyini biz vermirik ki, zoopark açıb bu qədər pul xərcləyirlər?!, Yox istədikləri “nehrə”mizdən əlimizi çəkib onlara bağışlamağımızdırsa, ya da onsuz da beş yerə bölünmüş “nehrə”ni yenə bölməkdirsə, yox atam, bundan gözünüzü yığın. O banlatdıqlarınızın, ulatdırdıqlarınızın sayını onqat, yüz qat artırsanız da, bizim “nehrə” elə möhkəm əllərdədir ki, onu bölə də bilməzsiniz, sahib çıxa da!

Ona görə ağıllı olsanız, zooparkınızın fəaliyyətini dayandırsanız, oturub mərdi-nərdanə sərfəli pay bölgüsünə başlasanız siz də udarsınız, yarənsarlarınız da! Allah aldığı ağlı Sizə geri qaytarsın, inşaallah!