Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olundu Hal-hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan - cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Ermənistan tərəfindən bu sərhədlər boyu SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları, demarkasiya xətləri dağıdılmışdır.
Hazırda baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilir. İşğal altında olan bu sərhədlərdən həm də Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınır. Tarixin uzaq keçmişindən miras qalmış belə talançılıq işlərini müasir dövrdə özünün "sivilizasiyalı" dövlət kimi qələmə verən Ermənistanın həyata keçirməsi təkcə Azərbaycan üçün deyil, bütün bunlara göz yuman dünya ictimaiyyətinə meydan oxumaq deməkdir.
Bundan başqa, Azərbaycanın Ermənistanla həmsərhəd olan Naxçıvan MR-nın Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əkipara, Yuxarı Əskipara, Quşçu Ayrım, Barxudarlı və digər yaşayış məntəqələri dağıdılmış və işğal olunmuşdur. Həmin kəndlərin işğal olunması buradakı Ağstafa çayı üzərində sərhəddə yaradılmış və Azərbaycanın qərb rayonları üçün təsərrüfat əhəmiyyəti daşıyan su anbarına da təhlükə yaradır. Su tutumu 120 milyon kub metr olan Ağsatafa su anbarından başlayan və uzunluğu 72,3 km olan suvarma kanalı Qazax, Ağstafa, Tovuz və Şəmkir inzibati rayonlarının dağətəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə təmin edir. Dağlıq Qarabağdan fərqli olaraq keçmiş SSRİ məkanında baş verən etnik münaqişə zonalarının heç birində mövcud sərhədlərdən kənara çıxma və ətraf rayonların işğal edilməsi halları baş verməmişdir. Məsələn, Gürcüstan Respublikasındakı münaqişə zonası olan Abxaziya Muxtar Respublikası özünün köhnə sərhədlərindən kənara çıxmayıb və bir qarış da olsa ətraf ərazilərini zəbt etməyibdir.
Bəs, belə olan halda hansı beynəlxalq qaydalar və qanunlar əsasında həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini, həm də bu vilayətə heç bir aidiyyatı olmayan Azərbaycan rayonlarını: Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan Cəbrayıl, Füzuli və Ağdamı zəbt edib. İşğal olunmuş regionda müxtəlif təbiət abidələri, nadir bitki və heyvan növləri yayılmışdır. İşğal olunan Kiçik Qafqazın dağlıq zonası Azərbaycanın iri meşə rayonudur. Regionun ümumi meşə sahəsi 246, 7 min hektar idi. Təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Kiçik Qafqazın işğal altında olan ərazilərində bir sıra qoruq və yasaqlıqlar təşkil olunmuşdur. Bunlardan Bəsitçay Qoruğunu, Laçın yasaqlığını və b. göstərmək olar. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdır. Qoruğun sahəsi 107 hektardır. Burada qorunan obyekt şərq çinarıdır. Çay boyu çinar meşəliyi 12 km məsafədə uzanır. Ağacların yaşı 500 ilə çatır. Şərq çinarı "Qırmızı Kitab"a daxil edilmişdir. Laçın yasaqlığı Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində 1961-ci ildə təşkil edilmişdir. Sahəsi 21, 4 min hektardır. Yasaqlıqda dağ keçisi (təqribən 400 baş), cüyür (500), çöl donuzu (400), turac (800), kəklik (2500) mühafizə olunurdu. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən Xarı bülbül Qarabağın rəmzi hesab olunur. İşğal altında olan ərazilər yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqalarıdır. Ərazinin kurort-rekreasiya potensialı da genişdir. Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal olunmuş rayonlarında yerləşən faydalı qazıntı yataqlarının siyahısı aşağıdakı cədvəldə verilir. İşğal olunmuş regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılmışdır. Əhəmiyyətli mis-sink filizlərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənmişdir. Burada istismara hazır olan filiz ehtiyatları öyrənilmişdir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yetişir.
Ötən illər ərzində ermənilərin Qarabağ ətrafındakı ərazilərə, o cümlədən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl ra-yonlarına yerləşdirilməsi ("Hayastan All-Armenian Foundation” dəstəyi ilə) mükəmməl qaydada təşkil edilərək sürətli templə davam etdirilir.
Gizli Erməni İnqilab Federasiyası Suriya xalqının epik faciə-sini və onun insanlarını istismar edərək, Suriya ermənilərini aldadaraq Hələb və Qamışlı şəhərlərindən işğal edilmiş ərazilərə (məsələn, Zəngilan, Qubadlı və Laçın bölgələrinə) köçürərək onlara firavan həyat vəd edib. Bu, əlbəttə ki, açıq şəkildə ci-nayət edərək iki suveren dövlətin daxili işinə birbaşa müdaxilə etməkdir.
Ermənistan birbaşa və ya öz korporativ səlahiyyətlilərinin vasitəsilə işğal edilmiş ərazilərdə enerji, kənd təsərrüfatı, sosial, yaşayış və nəqliyyat infrastrukturlarının daimi dəyişdirilməsinə davam edir. Bu nə zamansa demoqrafik xarakterin dəyişdirilməsi üçün üstünlük təşkil edərək güclənəcək. Əlbəttə ki, bura suvarma şəbəkələrinin, su kanalizasiyalarının, yolların, enerji şəbəkələrinin və digər vacib iqtisadi və sosial obyektlərin yaradılması daxildir. Bir neçə fərqli və müstəqil beynəlxalq forumların məruzələrinə əsasən, dəfələrlə təsdiq edilib ki, məcburi köçkünlərin əmlakları mənimsənilib. Məsələn, azərbaycanlı məcburi köçkünlərin boş evləri sökülərək tikinti materiallarından ermənilər üçün yeni evlərin tikilməsi məqsədilə istifadə olunub.
Ermənistan, işğal olunmuş ərazilərdə idxal və ixrac edilən ticarət axınları və iqtisadi resurslar daxil olmaqla bütün iqtisadi və ticarət sistemi üzərində nüfuzlu nəzarət həyata keçirir. Bu fəaliyyətlərdə beynəlxalq təşkilatların iştirakı olduqca maraqlıdır: yüzlərlə ABŞ istehsalı olan müxtəlif "Caterpillar” maşınları, ABŞ-ın" JohnDeere” və Almaniyanın "Deutz-Fahr” şirkətlərinin kənd təsərrüfatı traktorları və avadanlıqları, Cənubi Koreyanın "Hyundai” tipli yük maşınları, Belarusun "MT3-82,3” modelli kənd təsərrüfatı traktorları, həmçinin digər texnika mədənçilik, kənd təsərrüfatı, yaşayış məntəqələrinin genişləndirilməsi və dəstək infrastrukturunun tikilməsində qeyri-qanuni istifadə olunur.
Bir çox hallarda Kipr, Lixtenşteyn və buna bənzər ofşorlarda qeydiyyatdan keçmiş şirkətlərin sahibkarları qeyri-müəyyən qalmaqdadır. Onların maliyyələşməsi işğa lolunmuş ərazilərdə fəaliyyət göstərən erməni banklarının filialları vasitəsilə əlaqələndirilir və Rusiya, Aİ və ya digər məntəqələrdə yerləşən vasitəçi banklarla beynəlxalq köçürmələr həyata keçirilir. Daha sonra Ukrayna, ABŞ və Aİ (Fransa, Bolqarıstan, Macarıstan, Belçika, Almaniya, Çexiya və Niderland) ölkələrindən, eləcə də Avstraliya və BƏƏ-dən olan çoxsaylı beynəlxalq pərakəndə mal satıcıları Ermənistan şirkətləri ilə təchizat müqavilələrini yekunlaşdırıblar. Əlbəttə ki, bu onları ərazilərin işğalı, təbii resursların tükəndirilməsi, qanunsuz məskunlaşmanın genişləndirilməsi habelə məcburi köçkünlərin hüquqlarının pozulması kimi faktlarla Ermənistanla əlbir edir.
Təəccüblü deyil ki, Ermənistanın yüksək vəzifəli şəxsləri o cümlədən prezident Sarkisyan, keçmiş baş nazir Abramyan və digər nazirlər müntəzəm qaydada işğal olunmuş ərazilərə səfər edərək orada olan istehsal obyektlərinə baxış keçirirlər. Orada qanunsuz istehsalın real üzünü gizlətməkdən ötrü Ermənistanın kənd təsərrüfatı və likör ixrac edən şirkətləri müntəzəm qaydada işğal olunmuş ərazilərdə istehsal edilən ("Stepanakert Brandy Factory” və ”Artsakh fruit CJSC”) məhsulları hiyləgərlik edərək Ermənistan istehsalı kimi qələmə verir və beləliklə də bey-nəlxalq ictimaiyyəti, alıcıları və istehsalçıları aldadırlar.
Araz çayı boyunca, həmçinin Zəngilan və Cəbrayıl daxil olmaqla, yerləşən kənd təsərrüfatı torpaqları Ermənistan tərəfindən işğal olunmuş ərazilər kimi qanunsuz olaraq mənimsənilərək geniş istismar edilir. Suvarma və ya qanunsuz elektrik enerjisinin alınması ("ArmWater Project Company”) fəaliyyətləri suyun təbii axınına mane olur, onun çirklənməsinə (əkin sahələrinin və mövcudluğuna, flora və faunanı təhlükə altına qoyaraq mikro iqlimi dəyişir.
Keçmişdə dağıdılmış evlərin xarabalıqlarından metal, borular, kərpiclər və digər tikinti materiallarının toplanması hallarına nadir rast gəlmək olardı. Lakin hazırda müzakirə mövzusuna çevrilmiş bu fəaliyyətlər onu göstərir ki, sözügedən talançılıq xaricilərin iştirakı ilə açıq-aydın və mütəşəkkil qaydada həyata keçirilir.
İşğal edilmiş ərazilərdə qiymətli mineralların və metalların hasilatı əsas fəaliyyətlərdən biri hesab edilir. Məsələn, Qızılbulaqda mis-qızılın əldə edilməsi üçün nəzərdə tutulmuş yeraltı mədən (Lixtenşteyndə qeydiyyata alınmış Ermənistana məxsus "Vallex Group CJSC” şirkətinin törəməsi) tamamilə tükənmiş vəziyyətə çatıb. Eynisi də Dəmirlidə yerləşən açıq mis-molibden şaxtasına aiddir. Deyilənə görə, 2014-cü ildə "Gold Star CJSC” Veynallı kəndinin (Zəngilan rayonu) yaxınlığında qızıl hasilatına başlayıb. Bildirilir ki, Rusiyada fəaliyyət göstərən və "GeoPro Mining Ltd” şirkətinin törəməsi hesab edilən"GPMGold” 2007-ci ildən etibarən işğal edilmiş Kəlbəcər rayonunun Söyüdlü kəndinin qızılmədənində filiz istehsalı ilə məşğuldur
Həmçinin, Azərbaycan-Ermənistan beynəlxalq sərhədinin işğal altında olan bölgəsindən qanunsuz olaraq təbii resursların daşınması üçün Vardenis-Ağdərə magistral yolu inşa edilib. Ermənistan hökuməti öz energetika nazirliyi vasitəsilə birbaşa olaraq Qızılbulaqdan Ermənistana filiz konsentratını nəql edərək daha sonra qızıl tərkibli mis emal edir və Avropa başda olmaqla beynəlxalq bazarlara ixrac edir. Əlavə olaraq, Yerevanda yerləşən elektrik stansiyasının təmin edilməsi məqsədilə Tərtər rayonunun işğal altında olan Çardaqlı kəndinin yaxınlığındakı mədəndən kömür əldə olunur.
Ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz fəaliyyəti bu gün də davam edir. Məlumata görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra həmin ərazilərdə qanunsuz fəaliyyətə başlayıb: "Ermənistan tərəfi işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətini daha da genişləndirib, Azərbaycanın təbii və mineral sərvətlərini istismar edir, dünya bazarlarında satışa çıxarır".
Şöbə müdiri qeyd edib ki, beynəlxalq qanunvericiliyə əsasən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərmək qadağan olunur: "Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara əməl etmir. Azərbaycan tərəfinin müraciəti əsasında ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq keçirib və Ermənistanın qanunsuz fəaliyyəti təsdiq olunub".
PA rəsmisi deyib ki, Ermənistan tərəfinin bu qanunsuz fəaliyyəti münaqişənin sülh yolu ilə həllinə maneə törədir: "Azərbaycan beynəlxalq təşkilatlara və digər dövlətlərə müraciət edir ki, özlərinin hüquqi və fiziki şəxslərini AzərbaycanLn işğal olunmuş ərazilərində fəaliyyət göstərməkdən çəkindirsinlər. Azərbaycan beynəlxalq qanunlar və öz qanunları çərçivəsində işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə qarşı hüquqi addımlarını davam etdirəcək. İşğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyət davamlı surətdə beynəlxalq təşkilatlar qarşısında da qaldırılacaq. Azərbaycan öz milli resursları, milli peyki sayəsində bu qeyri-qanuni fəaliyyətlə bağlı faktları toplayıb".
Vahid Ömərov f.ü.f.d. dos.