"Biz tezliklə Qurgin Alberyanı Ermənistan tərəfinə qaytaran deyilik. Ona görə ki, o, baş leytenant, diversiya-kəşfiyyat qrupunun rəhbəri və komandiridir. İlkin mərhələdə bu kimi şəxslərlə müəyyən işlər aparılır. Daha sonrakı mərhələdə isə onun Ermənistana qayıdıb-qayıtmaması məsələsi müzakirə olunacaq". Bu sözləri SİA-ya açıqlamasında hərbi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.
Ekspert bildirib ki, Ermənistan tərəfinin yaydığı məlumata görə, guya, Ermənistanın diversiya-kəşfiyyat komandiri əlverişsiz hava şəraitində azaraq itkin düşüb və guya axtarışları davam etdirilir: "Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib. Yəni, Ermənistan tərəfinin verdiyi məlumatda Qurgin Alberyan əlverişsiz hava şəraitinə görə yolunu itirdiyi qeyd edilib. Ermənistan ilk dəfə deyil ki, belə absurd açıqlamalar yayır. Təbii ki, Müdafiə Nazirliyinin müvafiq qurumları bu istiqamətdə müəyyən işlər aparır və tezliklə məsələyə aydınlıq gətiriləcək. Ermənistan isə sözsüz ki, hər zaman olduğu kimi yalan məlumatlar yayır. Bu, əvvəllər də baş verirdi, indi də eynilə davam etdirilir".
Onun sözlərinə görə, daha əvvəl Naxçıvan istiqamətində bir nəfər erməni Azərbaycan hərbiçiləri tərəfindən əsir götürülmüşdü və o, özünü mülki şəxs kimi təqdim etmişdi, lakin, sonradan məlum oldu ki, bu belə deyil: "Ermənistan tərəfi məsuliyyətdən yaxa qurtarmaq üçün həmişə belə absurd fikirlər səsləndiriblər. Belə addımların heç bir mənası yoxdur. Lakin, düşünürəm ki, biz tezliklə Qurgin Alberyanı Ermənistan tərəfinə qaytaran deyilik. Ona görə ki, o, baş leytenant, diversiya-kəşfiyyat qrupunun rəhbəri və komandiridir. İlkin mərhələdə bu kimi şəxslərlə müəyyən işlər aparılır. Daha sonrakı mərhələdə isə onun Ermənistana qayıdıb-qayıtmaması məsələsi müzakirə olunacaq".
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov əlavə edib ki, Azərbaycanda saxlanılan bəzi Ermənistan hərbiçiləri Ermənistana yox, xarici ölkələrə getmək arzusunda olduğundan beynəlxalq qurumlar onlar üçün üçüncü bir ölkə axtarışında olurlar.
Onun fikrincə, Qurgin Alberyanın cinayətləri sübut olunan zaman növbəti mərhələdə aparılacaq proseslər daha da dəqiqləşdiriləcək: "Hərbi Məhkəmə vasitəsilə hökm oxunacaq. Daha sonra onun hər hansı bir ölkələyə verilməsi və yaxud dəyişdirilməsi mümkün ola bilər. Hazırkı məqamda Müdafiə Nazirliyi bu adama beynəlxalq hüquq normaları çərçivəsində yanaşır. Düzdür, bir çox sosial şəbəkə istifadəçiləri Tovuz hadisələrindən dolayı və bir sıra hadisələri əsas tutaraq müxtəlif emosialara qapılaraq, müəyyən istiqamətlər səsləndirirlər. Lakin, mənə elə gəlir ki, Azərbaycan bu şəxsi ya Ermənistanın işğal etdiyi ərazilərdən hər hansı bir Azərbaycan vətəndaşı olan əsirlə dəyişəcək, ya da başqa yollarla məsələni həll edəcək".