Çin paytaxtının hakimiyyəti bu gün X Pekin Beynəlxalq Film Festivalının açılışını elan edib.
SİA xəbər verir ki, həftə ərzində şəhərdə milli və dünya kinosunun əsərləri nümayiş etdiriləcək.
Bildirilir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq tədbir ənənəvi qırmızı xalça və mükafatlar olmadan sadələşdirilmiş formatda baş tutacaq.
Avqustun 23-dən 29-dək Pekinin şimalındakı Huayjou bölgəsində həmçinin bir sıra ölkələrin mədəniyyət xadimləri və kino tənqidçilərini bir araya gətirəcək kinonun aktual mövzularına dair xüsusi forumu da keçiriləcək.
Bu dəfə aprel ayında gerçəkləşməsi gözlənilən, lakin çətin epidemioloji vəziyyətə görə təxirə salınan festival "Xəyallar gerçəkləşir: cəsarətlə irəli" şüarı altında keçirilir. Pekin ictimaiyyəti böyük ekranlarda 100-ə yaxın filmi görəcək və daha 250-i internetdə təqdim olunacaq.
Pekin Beynəlxalq film festivalı, 2011-ci ildən Çin paytaxtında Pekin şəhər meriyasının, dövlətə məxsus Çin Film qrupu korporasiyasının və bir sıra digər təşkilatların iştirakı ilə keçirilən silsilə tədbirdir.