Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində işğal altında olan Qarabağ torpaqları ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) İnformasiya-resurs şöbəsi “Qan yaddaşımız” adlı layihəni davam etdirir. Layihə əsasında işğal olunmuş Ağdam, Ağdərə, Kəlbəcər rayonları haqqında videoçarxlar təqdim edilib. MKS-dən SİA-ya bildirilib ki, növbəti videoçarx Füzuli rayonu haqqındadır.
Kitabxana tərəfindən erməni vandalizmi nəticəsində 23 avqust 1993-cü ildə işğal olunmuş Füzuli rayonu haqqında videoçarx sosial şəbəkələrdə təqdim edilib.
Videoçarxda rayonun işğal tarixi, şəhid sayı, işğal olunmuş ərazisi və hazırkı əhali sayı göstərilir, bununla yanaşı, məscidlərin, ziyarətgahların, Füzulidən olan Milli qəhrəmanların adları, rayonun mədəniyyəti haqqında ümumi məlumat da verilir.
Videoçarxda Ədil Arifoğlunun videolentə aldığı çəkilişdən görüntülər də nümayiş olunur. Həmçinin ermənilər tərəfindən talan edilmiş tarixi abidələr və yaşayış məskənlərinin fotoları göstərilir.
Füzuli rayonunun Gorazilli və Yuxarı Güzdək kəndlərindən olan videolentlər də videoçarxda təqdim olunur.
Videoçarxda Füzuli rayonu haqqında məlumat, ermənilərin rayonu işğal etdikləri dövr və Horadiz əməliyyatı ilə bağlı məlumatlar kitabxananın sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən virtual izləyicilərə çatdırılır.