Mədəni irsin mühafizəsinə diqqət artırılır

21 Avqust 2020 09:50 (UTC+04:00)

Xalqımızın zəngin mədəni irsinə, bu zənginliyin yaşadılması, təbliği və dünyada tanıdılmasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. Ölkə rəhbərliyinin bu sahədə həyata keçirdiyi siyasətə uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən mədəni irs məkanlarının, tarixi-mədəni abidə və tikililərin qorunmasına diqqətin daha da artırılması istiqamətində müvafiq işlər görülür.

Mədəniyyət Nazirliyindən SiA-ya bildirilib ki, ölkə ərazisində tarix-mədəniyyət abidələrinə qanunsuz müdaxilələrin aradan qaldırılması üçün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri gücləndirilib. Tarix-mədəniyyət abidələrinə qanunsuz müdaxilə və bu sahədə digər neqativ hallarla bağlı vətəndaşlar tərəfindən edilən müraciətlərə, eləcə də müxtəlif media vasitələrində ictimailəşdirilən bu qəbildən məlumatlara operativ reaksiya verilir, qeyd olunan problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.

Mədəniyyət Nazirliyi bu kimi məsələlərlə bağlı ölkə vətəndaşlarının təşəbbüskarlığını və media vasitələrinin mövzuya obyektiv şəkildə diqqət ayırmasını təqdir edir və təşəkkürünü bildirir. Həmçinin nazirlik bu istiqamətdə məsələlərin operativ şəkildə həll olunması məqsədilə [email protected] elektron poçt ünvanına müraciət olunmasını xahiş edir.