Yoluxucu xəstəliklər üzrə mütəxəssislərin rəyinə görə, Yaponiya hazırda koronavirusun ikinci dalğasını yaşayır və onun inkişafı ciddi nəzarət altında saxlanılmaldır. Xəbər verilir ki, bu barədə Yaponiya Yoluxucu Xəstəliklə Assosiasiyasının Tokioda onlayn formatda keçirilən konfransı zamanı bildirilib.
Qeyd edilib ki, konfransın ilkin olaraq apreldə təşkili nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə onun tarixi avqusta dəyişdirilib.
Konfransın açılış mərasimində çıxış edən assosiasiyanın prezidenti Tateda Kacuhiro bildirib ki, Yaponiya hazırda pandemiyanın ikinci mərhələsindədir. Paytaxt Tokioda və digər rayonlarda infeksiyanın zirvə nöqtəsinə çatdığını qeyd edən T.Kacuhiro onun gələcək inkişafının diqqətlə izlənilməsinin zəruri olduğunu deyib.
Pandemiyanın üçüncü və dördüncü dalğalarının da olacağını ehtimal edən assosiasiyanın prezidenti insanların virus şəraitində yaşamağı öyrənməsinin vacibliyini vurğulayıb.
T.Kacuhiro qeyd edib ki, assosiasiya ağır xəstələrin sayının azalması, səhiyyə müəssisələrinin yükünün yüngülləşdirilməsi üçün qabaqcıl bilikləri toplayaraq işini daha səmərəli formada davam etdirməyə çalışacaq.
Avqustun 21-dək davam edəcək konfransda virusun müalicəsi ilə bağlı yeni üsullar, bu istiqamətdə aparılan elmi tədqiqatlar barədə məruzələr dinləniləcək. Tədbirdə həm real, həm də onlayn formatda 3 min mütəxəssis iştirak edir.
Qeyd edək ki, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı təqribən 60 minə çatıb. Onlardan 1100 nəfər həyatını itirib.